Siyasət 12:45 22.12.2023

Qüdrət Həsənquliyev: "Biz baş nazirə əziyyət verməyək, heç olmasa.. "

"Ermənistanın baş naziri ayda bir dəfə parlamentə gedib, sülh danışıqları barədə deputatları məlumatlandırır. Biz baş nazirə əziyyət verməyək, heç olmasa Xarici İşlər Nazirliyindən bir əməkdaş çağıraq bizi məlumatlandırsın".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

"Biz də öyrənək ki, zirzəmilərdə yaşayan, evləri ermənilər tərəfindən dağıdılmış soydaşlarımız Qarabağda boş qalmış evlərə nə vaxt köçürüləcək. Bizim centlmenliyimiz nə vaxtadək davam edəcək? Başqa səbəb varsa, onu da bilək. Çünki insanlarımız bu barədə yazır, bizdən soruşur. Onu da soruşaq ki, Qarabağda kənd həyatı bərpa olunacaqmı? Kənddə yaşayanların həyatyanı təsərrüfatı olacaqmı ki, ev heyvanları, quşlar saxlasınlar, meyvə-tərəvəz yetişdirsinlər? Digər bölgələrdə olduğu kimi, Qarabağda da torpaq islahatı aparılıb, kəndlilərə torpaq paylanılacaqmı?", deyə Qüdrət Həsənquliyev vurğulayıb.
 
Qafqaz Rafiqoğlu