Ekonomiks 16:16 29.11.2023

Qüdrət Şükürovun şirkətini idarə edən qardaşı məhkəmə qarşısına çıxarılır

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun qardaşı Namiq Şükürovun Azərbaycandan çıxışına məhdudiyyət qoyula bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məhkəməyə ərizə ilə müraciət daxil olub.

Belə ki, Dövlət Vergi Xidməti məhkəməyə ərizə ilə müraciət edərək N.Şükürovun ölkədən çıxışına "stop" qoyulmasını xahiş edib.

Buna səbəb isə yığılan vergi borcunun ödənilməməsidir.

Məhkəmə işi hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Əgər məhkəmə iddianı təmin etsə, N.Şükürovun Azərbaycandan çıxışı müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, N.Şükürov qardaşı Q.Şükürova məxsus və ölkədə lift sahəsi üzrə ixtisaslaşmış "Lifttexmontaj" MMC-nin qanuni təmsilçidir. 

Xatırladaq ki, Q.Şükürov Lifttəmir" İstehsalat Birliyinin baş direktoru, qardaşı N.Şükürov isə "Lifttəmir" İstehsalat Birliyinin Temp Dövlət Müəssisəsinin Baş mühəndisi vəzifəsində çalışıb. Onların hər ikisi 2018-ci ildə vəzifələrindən azad edilib. Şükürov qardaşlarının işdən çıxarılması isə keçmiş baş direktorun qızı Aysel Şükürovaya 400 min manatlıq dəbdəbəli toy mərasimini təşkil etməsi ilə bağlı yayılan məlumatlardan sonraya təsadüf edir.