İdman 14:45 08.04.2023

Qurbanov: “10 il qohum-əqrəbalarını görməsələr də, veclərinə deyil” (MÜSAHİBƏ)

Ötən ay "Qarabağ”la "Qalatasaray” arasında keçirilən xeyriyyə məqsədli yoldaşlıq matçından sonra Türkiyə klubunun prezidenti Dursun Özbək maraqlı təkliflə çıxış etdi. 

Futbol funksioneri azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmamasının tərəfdarı olduğunu və bu təkliflə qardaş ölkədə çıxış edəcəyini bildridi. Əlbəttə, ilk baxışdan yaxşı səslənir. Təsəvvür edin, azərbaycanlı futbolçular heç bir limit olmadan Türkiyə Superliqasında və aşağı liqalarda iştirak imkanı qazanacaqlar. Amma məsələnin digər tərəfləri də var. İndiyə qədər Türkiyədə oynayan futbolçularımız orada heç də ciddi nə iləsə yadda qala bilməyib. Bəziləri maliyyə problemləri ilə üzləşib, klubundan yarımçıq ayrılıb. Həmçinin inkişaf baxımından irəli gedə bilməyiblər. Qısası, qardaş ölkədə çox da duruş gətirməyiblər. Hazırda isə Azərbaycanın Türkiyədəki tək ümidi millimizin üzvü Mahir Emrelidir. Təbii ki, belə olan halda suallar ortaya çıxır. Bu təklif qəbul olunsa, ölkə futboluna hansı şəkildə təsir göstərə bilər? Türkiyədə çıxış edəcək səviyyədə futbolçularımız varmı?
 
Bu suallara keçmiş futbolçu hazırda milli komandalarımızda skaut kimi fəaliyət göstərən İlqar Qurbanovdan cavab aldıq. "Fənərbağça”nın yetirməsi olan, qardaş ölkədə "Sivasspor”, "Boluspor”, "Mersin İdmanyurdu” kimi klubların formasını geyinmiş Qurbanov bir çox qaranlıq qalan məqamlarla bağlı düşüncələrini bölüşdü:

- Dursun Özbəyin Azərbaycanlı futbolçuların Türkiyədə legioner sayılmaması təklifinə münasibətiniz necədir? Bu, bizə nə qazandıra bilər?

- Bu, çox yaxşı ideyadır. Mən də vaxtilə belə bir təklif səsləndirmişdim. Məsələn, Rusiyada qazaxlar, gürcülər və ermənilər legioner sayılmır. Ona görə də onlara daha çox üstünlük verilir. Rusiyada oynayan bəzi futbolçular var ki, millimizə dəvət edilə bilər. Sadəcə, pasport məsələsinə görə gələ bilmir. Erməni, qazax, gürcü isə belə problem yaşamır. İllər öncə Türkiyənin aşağı liqalarında azərbaycanlı futbolçular legioner sayılmırdı. Həmin vaxt bir çox futbolçularımız, Mahir Şükürov, Kamran Ağayev, Rəhman Hacıyev Türkiyəyə yollanmışdılar. Əlbəttə, bu çox yaxşı olardı. Ən azı 4-5 futbolçumuz Türkiyə Superliqasında çıxış etsə, millimizə də faydası çox olar. 

- Qərar qəbul olunsa, ora kimləri göndərə bilərik?
 

 
- Aşağı yaş qruplarından çox futbolçu göndərmək olar. Mən bu işlə məşğul oluram deyə, bilirəm ki, məsələn, bəzi futbolçularımız orada bəyənilsə də, qəbul olunmur. Çünki yaşamaq hüququ almaqla bağlı çətinlik çəkirlər. Bu məsələ həll olunsa, çox müsbət hal olar. Həm aşağı yaş qruplarından, həm milli komandamızdan Türkiyə Superliqasına oyunçular gedə bilər. Limit məsələsi problemdir. Ermənistan millisinin 8-10 futbolçusu Rusiya çempionatında oynayır. O cümlədən gürcülər. Avropa çempionatının seçmə mərhələsində Danimarka millisini məğlub edən qazaxların da bir çox futbolçusu Rusiyada oynayır. Türkiyə Superliqasında çıxış edəcək səviyyədə futbolçularımız barmaqla sayılacaq qədər azdır. Orada rəqabət çox güclüdür. Ən üzdə olan futbolçumuz Mahir Emreli belə Türkiyədə oynamaqda çətinlik çəkir. Ağır çempionatdır, təzyiq yüksəkdir, pul çoxdur. Pul çox olduğu üçün rəqabət də böyükdür. Bir mövqe uğrunda 3-4 futbolçu mübarizə aparır. Sən hər oyunu yaxşı keçirməlisən. Legionersənsə, zəif oynamaq lüksün olmamalıdır. 

- Qarşılığında türkiyəli futbolçulara eyni güzəşti tətbiq edə bilərik?

- Niyə olmur ki? Demək olar, eyni millətik. Türkiyəli futbolçular bura gələ, bizimkilər ora gedə bilər. O qapı açılmalıdır. Heç olmasa aşağı yaş qruplarımızın üzvləri gedib türk klublarına səpələnsinlər ki, 5-10 il sonra yaxşı nəsil gəlsin. 

- Ara açılsa, axın olacaq. Bu addım bizim futbolçuların önünü kəsməz?

- Bunun üzərində işləyirəm, başqa ölkələrə gedib-gəlirəm. Limit olmayan yerdə inkişaf var. Bizimkilər Türkiyəyə getsə, ən azı biləcəyəm ki, mənim futbolçum rahat, yaxşı məşq bazası olan yerdədir. Azərbaycanda uşaq yetişmir axı. Türkiyədən bura axın olan deyil. Orada kifayət qədər qazanc var. Hətta Türkiyənin 3-cü liqasında oynayan futbolçu bizim Premyer Liqada forma geyinənlərdən daha çox qazanır. Aranın açılmasının bizə çox xeyri dəyər. 

- Həm əsas, həm də aşağı yaş qruplarından ibarət millilərimizdə yaxın illərə qədər türk əsilli futbolçuların sayı çox idi. Bu strategiyanın bizə hər hansı faydası oldu?
 
- Əlbəttə ki, xeyr. Əslində bu, bir qədər mübahisəli mövzudur. Fərqli düşünürük. Bu sənin strategiyana bağlıdır. Millini legionerlər üzərində formalaşdırmaq istəyirsənsə, bu yöndə işlər görməlisən. Heyəti sırf yerlilərdən qurmaq istəyirsənsə, həmin istiqamətə yönəlməlisən. Bir strategiya olmalıdır. Türkiyədə milli üzvlərinin 99 faizi Almaniya futbolunun yetirmələridir, Bundesliqada oynayırlar. Çünki Almaniyanın aşağı yaş qruplarında türklər çoxdur. Hakan Çalhanoğlu kimi nümunələr var. Mən uşaq vaxtı "Fənərbağça”nın heyətində olanda tez-tez Almaniyaya turnirlərə gedirdik. "Şalke”nin, "Bavariya”nın heyətində ən azı 3-4 türk, ya da iranlı futbolçular olurdu. Orada iranlılar da çoxdur. Ona görə də yetişirlər. Bir də azərbaycanlılarda belə düşüncə var ki, gedib bir il hansısa xarici klubda oynasa, inkişaf üçün kifayətdir (gülür). Belə deyil axı. Camaat illərlə çıxış edir, bir oyunçu güclə yetişdirir. Onu da uğur sayırlar. Biz də deyirik ki, hər il oyunçu yetişdirək. Olmur axı. Düzgün iş qurmaq lazımdır. Yoxsa, səhərə kimi danışsaq da, faydası olmaz. Aşağı yaş qrupları inkişaf etdirilməlidir, qalan deyilənlər hamısı boş söhbətdir. Bünövrəni güclü etmək, həm də səbrli olmaq lazımdır. Nümunələr çoxdur. Ümumiyyətlə, ən azı 10 il yuxarılardan əl çəkmək, nəticələrə fikir verməmək, aşağı yaş qruplarını inkişaf etdirmək, futbolu sevən insanları toplamaq lazımdır. 

- Qardaş Türkiyədə indiyəcən çox futbolçularımız oynayıb. Bəs niyə orada iz qoya bilməmişik?
 


- Bunun səbəbi mentalitetdir. Çünki daha çox öz ölkəmizə bağlı insanlarıq. Öz ölkəmizdə, qohum-əqrəbanın əhatəsində yaşamaq istəyirik, bunu əminliklə deyə bilirəm. Hətta xaricdə yüksək məbləğ qazansaq belə, yenə ürəyimiz buranı istəyir. Xaricilər isə fərqlidir. 10 il qohum-əqrəbalarını görməsələr də, veclərinə deyil (gülür). Oyunlara, məşqlərə baxırıq. Valideyn kənardan durub qışqırır, məşqçiyə ağıl verir ki, sən uşağı düzgün oynatmırsan. Xaricdə valideyni, ümumiyyətlə, stadiona buraxmırlar. Çünki futbol məktəbidir. Ümumilikdə bir çox səbəblər var - səviyyə, mentalitet, dil öyrənmək və sair… Mən də Türkiyədə oynayanda bir çox problemlər yaşamışam. Bu üzdən "Qarabağ”a gəldim. İndi "Qarabağ” Türkiyənin əksər klublarından üstündür. 

- Türkiyədə də uşaq futbolu ilə bağlı bizdəkinə oxşar problemlər olur?

- Orada şərait baxımından heç bir problem yoxdur. Amma onlar da bizim kimi, gedib kənarda oynaya bilmirlər. Məsələn, Türkiyə yığmasının üzvü Burak Yılmaz müsahibələrinin birində xarici ölkəyə uyğunlaşa bilmədiyini demişdi. Türkiyədə müsbət cəhət odur ki, uşaq inkişaf edə bilir. Meydançalar, bazalar var. Bizə təkcə, baza və meydança olması bəs edər. Türkiyəyə 30-50 uşaq göndərsək, onların arasından 7-8 il sonra, ən azı 10 futbolçu yetişə bilər. Ona görə də limit yığışdırılsa, yaxşı olar. 

- Əvvəllər türklərin bizim futbolçulara yuxarıdan-aşağı baxması haqda çox söz-söhbətlər olurdu. Futbolçularımızın orada çox qala bilməməsinin səbəblərindən biri kimi bu da göstərilirdi. Nə dərəcədə həqiqətəuyğun idi və indi vəziyyət necədir?
 
 
- 10 ilə yaxın Türkiyədə oynamışam, amma belə halla rastlaşmamışam. Orada ancaq individual şəkildə bu cür problemlər yaşana bilər. Çünki şikayət etməyi xoşlayırıq. Bunu heç vaxt danmıram, biz çətinliyə dözmürük. İstər-istəməz yerli futbolçulara daha çox simpatiya göstərilir. Bu, hər ölkədə olur, normaldır. Ona görə hara gəldiyini bilməlisən. İşləməlisən, məşq etməlisən. 

- Türkiyədə xüsusən də aşağı liqalarda klubların futbolçulara borclu qalması halları ilə bağlı çox problemlər yaşanıb. Bizim futbolçular daha çox belə hallarla üzləşib…

- Hə, orada klubların futbolçulara borclu qalması halları çox yaşanıb. Şəxsən bu cür problemlərə görə nə qədər məhkəmələrdə olmuşam. Sonuncu dəfə "Mersin İdmanyurdu”nda oynayanda, "sabah verəcəyik” deyə-deyə 6 ay maaş vermədilər. Biz də ailəmizi dolandırmalıyıq axı. Ancaq bu problem təkcə azərbaycanlılara qarşı deyildi. O klublarda oynayan bütün futbolçular eyni problemlə üzləşirdi. Yadımdadı, Mahir Şükürov "Karşıyaka”da oynayanda belə problem yaşmışdı. Çünki klub batdı. Rəşad Sadıqovun oynadığı "Kocaelispor” səhv etmirəmsə, Superliqanı tərk etdi. Rail Məlikov, Saşa Yunisoğlu da həmçinin. İndi bir Mahir Emreli var. O da Superliqaya Zaqreb "Dinamo”sundan gedib.

- Mahirlə bağlı nə düşünürsünüz?

- Düzdür, rəqabət güclüdür, amma Türkiyədə tab gətirə bilər. Çətinlik çəkəcək, 5-6 ay stabil oynamaq lazımdır. Sürəti, gücü var, topla yaxşı oynayır. Həm də solaxaydır. Yaxşı olar. Xaricdə bir-iki oyunçumuz var, onlara dəyər verməliyik, incitməməliyik. 

Səbuhi Həsənov