Siyasət 10:29 10.10.2023

Ramil Usubovdan həbs olunan separatçılarla bağlı açıqlama: "Bakı həbsxanalarında ifadə verirlər"

"Bütün Qarabağda artıq Azərbaycan bayrağı dalğalanır. Məhv edilən separatçı rejimin tör-töküntüləri tərk-silah olunur, "boz zona"nın minasızlaşdırılması və silahsızlaşdırılması prosesi uğurla həyata keçirilir, onların cinayət məsuliyyətinə cəlb edilən avantürist başçıları Bakı həbsxanalarında istintaqa ifadə verirlər".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuatda dərc olunan məqaləsində qeyd edib.

O bildirib ki, Prezident İlham Əliyev uzun onilliklərin əsas problemini - 86,6 min kv. km-lik torpaqlarımızda ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun təminini bir həmlə ilə həll edib: "Zati-aliləri Azərbaycanı iki əsrdir təhdid edən, xalqımıza qanlı soyqırımlar, dövlətimizə ərazi itkiləri yaşadan işğalçılıq siyasətini, "dənizdən-dənizə" xülyalarını puç etdi, eyni zamanda Azərbaycanın təhlükəsizlik sisteminin, nəhayət ki, tam formalaşmasına, davamlı təhdidlərin zərərsizləşdirilməsinə nail oldu. Beləliklə, həm də Ulu Öndər Heydər Əliyevin müqəddəs arzuları, vəsiyyətləri Müzəffər Komandanımızın rəhbərliyi ilə məhz "Heydər Əliyev İli"ndə gerçəyə çevrildi. Son beş əsrlik tariximizin ən böyük qəhrəmanlıq səhifəsinin məhz bu yubiley ilində tarixə yazılması həm də Lider, Xalq, Ordu birliyinin sarsılmazlığının, onun Dahi Öndərin işıqlı ideallarına, arzularına sonsuz məhəbbətinin və sədaqətinin parlaq təzahürüdür".

R.Usubov qeyd edib ki, bu proseslər çərçivəsində Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının əsas prinsipi olan "Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir" - müddəası da təmin olunub: "Tarixi Zəfər və onun davamı olan antiterror tədbirləri təhlükəsizlik sisteminin son hədəfini gerçəkləşdirərək, onun tamlığını reallaşdırdı.

Xüsusi vurğulamaq istərdim ki, möhtərəm cənab Prezident İlham Əliyev fəaliyyətinin hələ ilk dövrlərindən etibarən, Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin Ermənistanın işğalından azad edilməsini öncül hədəf kimi müəyyənləşdirmişdi. O, bu taleyüklü vəzifəni qüdrətli liderlik məharətilə cəmi 44 günə gerçəkləşdirdi, 23 saat ərzində yekunlaşdırdı".