Sənət 11:52 09.06.2022

Rasim Balayevdən önəmli mesaj: "Bir ölkədə iki kino ittifaqi ola bilməz..."

"Kinematoqrafçılar İttifaqı bir dənə olmalıdır. Dünyanın heç bir yerində iki ittifaq yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib. O bildirib ki, digər ittifaqlar kimi Kinematoqrafçılar İttifaqı da seçkili orqandır:

"Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı bir dənədir, kino ittifaqı da bir dənə olmalıdır. İttifaqların birləşməsi məsələsi mənlik deyil, onu bir neçə il öncə yaradıblar. İndi bunu yaradanlar fikirləşməlidir ki, bir ölkədə iki ittifaq ola bilməz, bunun yolu budur. İttifaqın da digərləri kimi qanunları var, bizim ali orqanımız qurultaydır”.

Rasim Balayev deyir ki, nə vaxtsa qurultay keçirilməli və seçki yolu ilə bu məsələ həll olunmalıdır:

"Amma bu, necə və nə vaxt olacaq, onu bilmirəm, gözləyək görək. Haçansa bu olacaq. Çünki bir respublikada iki kino ittifaqı ola bilməz”.

Qeyd edək ki, hazırda Azərbaycanda iki kino ittifaqı fəaliyyət göstərir. Onlardan birinə - Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına Xalq artisti Şəfiqə Məmmədova, ikincisinə - Azərbaycan Kinematoqrafçılar İttifaqına isə Rasim Balayev rəhbərlik edir.

Bahar Rüstəmli