Ölkə 15:46 20.06.2022

Rəsulzadənin nadir görüntüləri - İlk dəfə yayımlandı

Sosial şəbəkələrdə Məhəmməd Əmin Rəsulzadə, Məmməd Həsən Hacınski, Əhməd Pepinov və Azərbaycanın digər görkəmli siyasətçilərinin görüntülərini əks etdirən rənglənmiş video yayılıb.

1918-ci il 20 mart tarixində Trabzon Sülh Konfransında iştirak edən nümayəndə heyətinin əks olunduğu həmin görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb.

Fırat Gökdemir adlı şəxs tərəfindən rənglənən videonun bir il əvvəl yutuba yerləşdirilməsinə baxmayaraq, sosial şəbəkələrdə indi yayılmağa başlayır. İstifadəçilər tərəfindən sürətlə yayılan video Rəsulzadənin nadir görüntüləri kimi qiymətləndirilir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucusunun bu video çəkilən zaman 34 yaşı olub.

Qeyd edək ki, görüntülərdə Xəlil bəy Xasməmmədov, Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cövdət Pepinov, Mir Yaqub Mehdiyev, Əkbər ağa Şeyxülislamov, İbrahim bəy Heydərov, Məmməd Həsən Hacınski, Heydər bəy Abaşidze, Akaki Çxenkeli, Georgi Qvazava, Rusudan Mikeladze, Georgi Lasxişvili, Aleksandr Xatisyan, Rauf (Orbay) bəy, Tevfik (Sağlam) bəy və başqaları yer alıb.