Dünya 20:55 26.02.2024

Robert Fiko: "Bəzi Aİ və NATO ölkələri Ukraynaya qoşun göndərməyi müzakirə edir"

Avropa İttifaqı və NATO-nun bəzi ölkələri Ukraynaya qoşun yeritmək imkanını müzakirə edir. 

Qaynarinfo "Sky News"a istinadən xəbər verir ki, bunu Slovakiyanın baş naziri Robert Fiko bildirib.

Baş nazir qeyd edib ki, o, Avropa  liderlərinin Paris görüşünə hazırlıq zamanı qeydləri öyrənib.

"Bu tezislərdən (qeydlərdən-red.) görünür ki, bir sıra NATO və Aİ-yə üzv ölkələr ikitərəfli əsasda Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirirlər”, deyə Slovakiya hökuməti rəhbəri bildirib. 

O, həmçinin aydınlaşdırıb ki, Aİ və NATO ölkələrinin bu cür planları hansı məqsədlə müzakirə etdiyini və onların ordusunun Ukraynada konkret olaraq nə edə biləcəyini deyə bilməz.

Qeyd edək ki, Robert Fiko Slovakiyada rusiyayönlü partiyanın lideridir. O, Ukrayna-Rusiya müharibəsi ilə bağlı qalmaqallı açıqlamaları ilə tanınır.

Fiko hökumətə rəhbərlik etdikdən sonra ölkəsi Ukraynaya hərbi yardımı dayandırıb. İndi Slovakiya yalnız humanitar yardım köçürür.

Nizami Bağırov