Video 12:27 26.01.2023

Röya Hüquq fakultəsinə necə qəbul olunmuşdu? - "Bəzi məqamlar baş vermişdi" (VİDEO)

Xəbər verdiyimiz kimi, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun və Xalq artisti Röya Ayxanın Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına necə qəbul olması müzakirələrə səbəb olub.

Qeyd edək ki, 1988-ci il təvəllüdlü Seymur Talıbov 2003-cü ildə, yəni 15 yaşında universitetə qəbul olunub. Talıbovun bu yaşda universitetə qeyri-qanuni yolla, imtahan vermədən qəbul olduğunu iddia edilir. Bildirilir ki, həmin vaxt buna keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) şərait yaradıb. 

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Pravda.az-a bildirib ki, qəbul qaydalarına əsasən, tam (11 illik) orta təhsili başa vurmaq haqqında dövlət nümunəli sənəd, yəni attestat almış şəxslər ali təhsil müəssisələrinə qəbul olmaq hüququna malikdirlər: "Attestat alan və 15 yaşı olan şəxslərin qəbul imtahanlarında iştirakı qaydalara zidd deyil. Hər il qəbul kampaniyasında belə abituriyentlərə rast gəlmək mümkündür. Talıbov Seymur Vasif oğlu da müvafiq qaydalara uyğun olaraq, 2003-cü ildə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi test imtahanında iştirak edərək ödənişli əsaslarla Bakı Dövlət Universitetinin beynəlxalq hüquq ixtisasına qəbul olub. Həmin il keçid balı 419 bal olub”.

Röya Ayxanın məsələsinə gəlincə, Xalq artisti 2004-cü ildə eyni fakültəyə qəbul olunub. Bundan əvvəl də onunla bağlı dəfələrlə ittihamlar səslənib, BDU-ya qeyri-qanuni yolla daxil olduğu iddia olunub.

Qaynarinfo-nun məlumatına görə, Xalq artisti bir neçə il əvvəl İctmai Televiziyada yayımlanan "3D” verilişində bu məsələdən danışıb. O, verilişin şərti aparıcısı Dadaş Dadaşlinskinin "Siz Bakı Dövlət Universitetinin Hüquq fakultəsində yarımçıq təhsil almısınız...” sualına belə cavab verib: 

"Bəli, bu, anamın istəyi ilə oldu. Başa düşürdüm ki, onu çox davam etdirə bilmərəm. Ona görə də yarımçıq qaldı, çünki oxumaq lazımdır... Gedə bilmədim...”

Müğənni Dadaşlinskinin "Axı universitetə daxil olmaq üçün oxumaq, imtahan vermək lazımdır. Siz isə hazırlaşmamısınız və oxumağı da planlaşdırmamısınız... İmtahanı necə yazdınız, necə daxil oldunuz?” sualına cavab olaraq bildirib ki, bunlar uzun məsələlərdir: "Bizim kimi tələblər də var... Orada bəzi məqamlar baş vermişdi, amma lazımi imtahanlar da verilmişdi. Tam dərinliyə də getməyək”.

Aparıcı Röyadan "Lazım olan imtahan” və "lazım olmayan imtahan” ifadəsinə aydınlıq gətirməsini istəyib. Müğənni isə bu suala cavab verə bilməyib.

Qeyd edək ki, DİM-in mətbuat katibi Xanlar Xanlarzadə da bu məsələ ilə bağlı konkret açıqlama verməyib: "İddia doğru deyil. Röya ilə bağlı məsələni ali məktəbin özündən dəqiqləşdirə bilərsiniz. Çünki kimsə universitetə köçürmə yolu ilə də qəbul ola bilər...”
 
Aydın