Video 16:56 07.03.2023

Roma yaxınlığında iki hərbi təyyarə toqquşdu: pilotlar həlak oldu (VİDEO)

Bu gün, martın 7-də Roma yaxınlığında təyyarə qəzası baş verib. İtaliya Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə havada toqquşub.

Bu barədə Qaynarinfo İtaliyanın "La Repubblica” qəzetinə istinadən xəbər verir.

Təyyarə qəzası Roma yaxınlığındakı Qvidoniya Montexeli kommunasında baş verib. İki "Piaggio” təyyarəsi məşq zamanı havada toqquşub. 

Təyyarələrdən biri hava limanında yaxınlıqdakı qazona düşüb, ikincisi Kolfiorito şəhərində park edilmiş avtomobilə çırpılıb. Hər iki pilot həlak olub.

Faciə yerində xilasedicilər, həkimlər və polis işləyir.

İtaliyanın baş naziri Corcia Meloni həlak olan pilotların ailələrinə başsağlığı verib.

"Roma yaxınlığındakı Qvidoniya bölgəsində baş verən təyyarə qəzası nəticəsində Hərbi Hava Qüvvələrinin iki pilotunun həlak olması barədə məlumatımız var. Hökumət adından ailələrinə, 60-cı hücum dəstəsinin həmkarlarına və bütün Hərbi Hava Qüvvələri Korpusuna dərin hüznlə başsağlığı verirəm. Onlar üçün dua edirik", - Baş nazir bildirib.

Nizami Bağırov