Dünya 17:26 27.11.2023

Rupi ilə mənasız ticarət: Rusiya Hindistana neft sata bilmir - "Reuters"

Qərbin sanksiyalarının tətbiqindən sonra Rusiyanın ən gəlirli neft ticarəti yollarından biri olan Hindistan marşrutu dollardan kənar ödəniş problemlərinə görə böyük çətinliklə üzləşir və bunun qısamüddətli həlli yoxdur.

Qaynarinfo bu barədə "Reuters”ə istinadən xəbər verir.

Nəşr qeyd edib ki, onilliklər ərzində ABŞ dolları beynəlxalq neft ticarətinin valyutası olub və alternativ tapmaq cəhdləri konvertasiya çətinlikləri, eləcə də siyasi əngəllər nəticəsində iflasa uğrayıb.

Məsələ ilə tanış olan üç mənbəyə görə, avropalı müştərilər Rusiya neftindən imtina etdikdən sonra onun ən böyük alıcısına çevrilən Hindistan iyul ayında rupilə ödənişdə israr etməsi və ticarət fəaliyyətinin praktiki olaraq dayanması ilə problemlər daha da dərinləşib. 

Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, Rusiya neft tədarükçüləri Rusiya Mərkəzi Bankının Hindistan valyutasını qəbul etməyəcəyinə dair qeyri-rəsmi göstərişləri səbəbindən rupi ilə əməliyyat apara bilmirlər.

Rusiya Mərkəzi Bankına yaxın bank sektorundan olan mənbə Hindistandan kənarda dəyəri az olan və konvertasiya olunmayan valyutada gəlir əldə etməyin "mənasız” olduğunu bildirib. Başqa bir mənbə bildirib ki, Rusiyanın Hindistandan idxalı cüzi olduğundan rupi xərcləmək imkanları məhduddur.

İki mənbənin sözlərinə görə, təxminən avqustun ortalarında Rusiyanın ən azı iki böyük neft şirkəti Hindistana gedən bir milyon tona qədər neft daşıyan onlarla tankeri başqa istiqamətlərə yönləndirməklə hədələyib. 

Hindistan əməliyyatları ilə bağlı mübahisənin müvəqqəti həlli olaraq, yüklər Çin yuanı, yuana keçid valyutası kimi Honq-Konq dolları və ABŞ dollarına bağlanmış BƏƏ dirhəmi ilə ödənilib.

Bununla belə, onlar dollara uyğun alternativ tapmaq probleminin qaldığını və problemlərin Rusiya neftinin ən böyük alıcısına çevrilmiş Afrika, Çin və Türkiyədəki alıcılara təsir etdiyini bildiriblər.

Lakin ən böyük problem, LSEG məlumatlarına və "Reuters"in hesablamalarına görə, Rusiyanın dəniz neftinin 60%-dən çoxunu alan Hindistana aiddir. O, Rusiyadan Çindən sonra ən böyük dəniz neft alıcısıdır.

Ticarət nəzarəti sərtləşdikcə problemlər daha da dərinləşir. Vaşinqton Rusiya neftini Qərbin təyin etdiyi 60 dolları tavanından yuxarı qiymətlərlə daşıyan tankerlərin sahiblərinə qarşı ilk sanksiyalarını tətbiq edib.

Dollardan imtina

Keçən ilin fevral ayında Qərbin Rusiyaya qarşı sanksiyaları tətbiq edildikdən sonra Moskva dünyanın dominant valyutaları olan dollar və avro ilə ticarəti dayandırıb və beynəlxalq bank sistemindən xeyli kənarda qalıb.

Beş treyder bildirib ki, Rusiyanın gündə təxminən 9 milyon barel neft hasilatının 10%-dən az hissəsi dollar və avro ilə alınıb-satılır.

Rusiya Mərkəzi Bankı sanksiyalara görə dollarla işləyə bilmir və rusiyalı ixracatçılar nəzəri olaraq valyutadan istifadə edə bilsələr də, ondan imtinanın üstünlüyü var - ABŞ və digər Qərb hökumətlərinin ticarətlərinə nəzarəti çətinləşdirir.

Bununla belə, alternativlər əməliyyatın hər iki tərəfi üçün yüksək risk səviyyəsi ilə nəticələnir.

Dörd ticarət və bank mənbəsinə görə Hindistan bu ilin ilk aylarında neft və digər tədarüklərə görə Rusiyaya təxminən 40 milyard dollar borclu olub. 

Rupi xüsusi problemdir

Rupi ilə iş görmək Rusiya üçün xüsusilə çətindir. İki rusiyalı mənbənin məlumatına görə, Hindistan öz ərazisində rupilərin xərclənməsini təşviq edir və rupiləri digər valyutalara çevirərkən cərimə məzənnələri tətbiq edib, bu, bəzən konvertasiya olunan məbləğin 10%-ni keçir.

Rusiya Hindistandan rupi ilə ödənilə bilən daha çox mal idxal etsə, vəziyyət yüngülləşə bilərdi. Əvəzində Hindistan Rusiyadan daha çox idxal edir. Rusiya isə Çindən avtomobil, avadanlıq və digər malların əsas idxalçısıdır. 

Hindistan Ticarət Nazirliyinin saytında dərc olunan məlumatlara görə, aprel-sentyabr aylarında Hindistanın Rusiyadan idxalı 30,4 milyard dollara çatıb. Hindistanın Moskva ilə ticarət kəsiri keçən ilin eyni dövründəki təxminən 17 milyard dollardan 28,4 milyard dollara yüksəlib.

Hindistanın ən böyük neft emalı şirkəti "Indian Oil Corp”, əsasən "Saxalin-1" layihəsindən Rusiyadan yüngül "Sokol” markalı xam neftinin alınması üçün bəzi ödənişləri ödəməkdə çətinlik çəkir. Mənbə bildirib ki, o, "Sokol” tədarükünü ödəyə bilməyib, belə ki, neft tədarük edən şirkət ödəniş almaq üçün hələ BƏƏ dirhəmində hesab açmayıb. 

Üstünlük yuana verilir

Rusiya rəsmiləri və neft şirkətlərinin rəhbərləri hindistanlı alıcıları Rusiya üçün daha faydalı valyuta olan Çin yuanı ilə ödəməyə məcbur edirlər.
Mənbələr bildiriblər ki, Hindistan üçün regional rəqibin valyutasından istifadə etmək çox həssasdır, baxmayaraq ki, Hindistanın özəl neft emalı müəssisələri bu ilin əvvəlində problemlərdən sonra başqa variantların olmaması səbəbindən yenidən yuana keçiblər.

Hindistan ştatlarında olan neft emalı zavodları BƏƏ dirhəminə keçib, lakin Vaşinqtonun daha sərt xətti digər hökumətləri ehtiyatlı davranmağa məcbur etdiyindən bu addım əlavə tələblərlə çətinləşib.

Beş neft treyderinə və bank mənbəsinə görə, oktyabr ayından bəri bir neçə BƏƏ bankı qiymət hədlərinə riayət etmək üçün Rusiya ilə işləyən  müştərilərə nəzarəti gücləndirib.

Mənbələrin məlumatına görə, ən azı iki BƏƏ bankı Rusiya nefti, neft məhsulları və əmtəələrinin ticarəti ilə məşğul olan müştərilərinə qiymət limitinə uyğunluq bəyannaməsini tətbiq edib. Mənbələr bankların adını çəkməkdən imtina ediblər.

ABŞ sanksiyaları

Noyabrın 16-da Birləşmiş Ştatlar Rusiya neftinin bir barelinə qoyulan qiymət tavanı qaydalarını pozduğuna görə gəmiçilik şirkətləri və gəmilərə sanksiyalar tətbiq edib. Belə ki, Vaşinqton Moskvanı Ukraynaya qarşı müharibəyə görə cəzalandırmaq üçün nəzərdə tutulmuş mexanizmdəki boşluqları bağlamağa çalışır.

Vaşinqtonun sanksiyasına məruz qalan üç neft tankeri son aylarda müntəzəm olaraq Rusiyanın "Sokol” markalı neftini Hindistana daşıyıb. 

Nizami Bağırov