Siyasət 15:30 12.02.2024

Rusiya Azərbaycanın hansı şəhərində konsulluq açmaq istəyir? (ŞƏRH)

"Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın Azərbaycan və Ermənistanda fəaliyyət göstərən konsulluqların genişləndirilməsi üzərində işlədiyini bəyan edib. Bu bəyanat onu deməyə əsas verir ki, Kreml həm Azərbaycan, həm də Ermənistana təzyiq göstərir. Təzyiqin də məqsədi sülh danışıqlarının Rusiyanın maraqlarını təmin edəcək şəkildə aparılması və sazişin imzalanmasıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Ekspert bildirib ki, iki məqama diqqət yetirmək lazımdır:

"Konsulluq hansı prinsip əsasında və necə açılır? İkincisi, onlar hansı fəaliyyətlə məşğul olacaq, hansı xidmətləri göstərəcək? Bu rakusdan baxanda birinci bəndə dair onu deməliyəm ki, konsulluqlar ilk növbədə onların açıldığı ölkənin razılığı ilə fəaliyyət göstərə bilər. Azərbaycan buna razılıq verəcəkmi? Bu da elə-belə razılıqla həyata keçirilmir. Rusiya Azərbaycan ərazisində əlavə konsulluqlar açmaq niyyətini əsaslandırmalıdır. Konsulluqlar adətən iki növ fəaliyyət həyata keçirir. Hər hansı bir dövlət konsulluq açdığı başqa ölkə ərazisində olan vətəndaşlarına müxtəlif növ hüquqi xidmətlər göstərir. Digər tərəfdən, konsulluq açdığı ölkənin vətəndaşlarına müxtəlif viza və s. xidmətlər göstərir".



Ərəstun Oruclu qeyd edib ki, Bakı ilə Moskva arasında vizalı gediş-gəliş mövcud deyil:

"MDB vətəndaşları bir-birinin ərazisində vizasız gediş-gəliş edə bilir. Öz vətəndaşlarına xidmət etməyə gəldikdə, Azərbaycanda Rusiya vətəndaşlığı olanların çox olduğunu düşünmürəm. Bakıdakı Rusiya səfriliyi nəzdində konsulluq xidməti var. Bu mənada əlavə hansısa konsulluq açmağa ehtiyac yoxdur. Ona görə də Kremlin bu istəyində bir məqam ola bilər. Qaluzinin bu bəyanatı şübhəsiz ki, müəyyən təzyiq xarakteri daşıyır, ilk növbədə də Azərbaycana. Azərbaycan ərazisində Rusiyanın sülhməramlı deyilən hərbçiləri var. Moskva bunumu nəzərdə tutur? Bununla demək istəyir ki, həmin sülhməramlılar qalacaq və onlara və ailə üzvlərinə konsulluq xidməti göstərmək üçün Xankəndi, Şuşa və ya Ağdamda əlavə konsulluğa ehtiyac yaranıb".

Digər tərəfdən, həmsöhbətimizə görə, konsulluqlar görünməyən fəaliyyətlə də məşğuldur:

"Bu, kəşfiyyat fəaliyyətidir. Kəşfiyyatçılar əsasən, bütövlükdə səfirlik çətiri altında fəaliyyət göstərir. Bu mənada Qafqazın iki ölkəsində əlavə konsulluğun yaradılması istəyində həmin niyyət də güdülə bilər". 

Ərəstun Oruclunun fikrincə, Moskvanın bu istəyində digər məqsəd vaxtilə Rusiya vətəndaşlığı verilən və köçüb gedən Qarabağ ermənilərinin geri qaytarılması məsələsi də dayana bilər:

"Digər tərəfdən, rus hərbçilərinə həmin xidmətlər tamamilə başqa xətlə vasitəsilə - Müdafiə Nazirliyi xəttilə göstərilir. O zaman sual olunur, Rusiyanın burada məqsədi nədir? Kreml bir zamanlar Qarabağdan köçmüş ermənilərə müxtəlif sayda Rusiya vətəndaşlığı pasportu verib. İndi də  onların geri qaytarılmasına eyham vurur. Rusiya onların Azərbaycan ərazisində hüquqlarının təmini və xidmətlər göstərmək üçün əlavə konsulluğa ehtiyac duyub. Ermənistanla bağlı da həmin niyyət ola bilər. Çünki Qarabağdan köçən ermənilərin bir hissəsi Ermənistanı da tərk edib, digər hissəsi isə orada qalmaqdadır. Eynilə də həmin xidmətləri onlara Ermənistan ərazisində gəstərəcək". 

Qeyd edək ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvanın Azərbaycan  və Ermənistanda fəaliyyət göstərən konsulluqların genişləndirilməsi üzərində işlədiyini bəyan edib. Bu əsasda Qaluzin iddia edir ki, rus diplomatlarının həmin iki ölkədə iş yükü artıb. 

Rüfət Sultan