İdman 17:35 10.09.2022

Rusiya bir oyun üçün Bosniya və Herseqovinaya nə qədər rüşvət vəd edib? (DETALLAR)

Bosniya və Herseqovina Futbol Assosiasiyası Rusiya yığması ilə Sankt-Peterburqda yoldaşlıq oyunu keçirməyə görə 200 min avro məbləğində rüşvət alacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyasının avaz.ba saytı məlumat yayıb.

Saytın istinadən etdiyi mənbənin sözlərinə görə, ruslar bütün yol və səfər xərclərini də öz üzərinə götürəcək. Lakin Bosniya və Herseqovina millisinin liderləri bu matçın keçirilməsinə qarşı çıxıblar. Xüsusən də komandanın kapitanı Edin Dzeko bu qərardan xoşunun gəlmədiyini və Ukrayna xalqı ilə həmrəy olduğunu bildirib.

Xatırladaq ki, UEFA Ukraynaya genişmiqyaslı müdaxilə ilə əlaqədar Rusiya klub və milli komandalarının beynəlxalq yarışlarda iştirakına qadağa qoyub. Hələ Rusiya qoşunlarının Ukraynaya müdaxiləsinin ilk günlərində UEFA və FIFA Rusiya Futbol Federasiyasının klub və milli komandalarını onların bayrağı altında keçirilən turnirlərdən kənarlaşdırıb. Daha sonra UEFA rusların 2022/23 mövsümündə də yarışlarda iştirakını qadağan edib.

Ukrayna Futbol Federasiyası UEFA və FIFA-ya Rusiya ilə Bosniya və Herseqovina yığmaları arasında yoldaşlıq oyununun keçirilməsinin qarşısının alınması tələbi ilə müraciət edib. Oyun noyabrın 19-da Sankt-Peterburqdakı "Qazprom Arena"da baş tutmalıdır.

Ukrayna Futbol Federasiyası həmçinin Bosniya və Herseqovina Futbol Federasiyasına belə bir matçın keçirilməsinin yolverilməzliyini izah edən məktub göndərib.

Aydın