Dünya 14:26 18.12.2023

Rusiya Navalnının işlərinə baxılmasını dayandırdı - 13 gündür onunla əlaqə yoxdur

Vladimir şəhər Oktyabrski məhkəməsi Aleksey Navalnının yeri müəyyən edilənə qədər onun işini dayandırıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Korrupsiya ilə mübarizə fondunun (KMF) hüquq departamentinin rəhbəri Vyaçeslav Qimadi X səhifəsində yazıb. 

"Amma qanunda belə əsaslar yoxdur. Üstəlik, dayandırmanın konkret tarixi yoxdur. Məhkəmə ədaləti müdafiə etmək və Federal Penitensiar Xidməti iddiaçının gəlişini təmin etmək öhdəliyini qoymaq əvəzinə, işi qeyri-müəyyən müddətə dayandırıb”, - KMF-nın əməkdaşı bildirib.

Eyni zamanda, siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb ki, Navalnının 7 məhkəmə prosesi olmalıdır. O əlavə edib ki, həftəsonu KMF-ının hüquqşünasları Navalnının harada olması ilə bağlı ölkə üzrə 200-dən çox istintaq təcridxanasına sorğu göndəriblər. 13 gündür ki, onunla heç bir əlaqə yoxdur.

Nizami Bağırov