Dünya 11:07 02.03.2023

Rusiya “taxıl sazişi”nin uzadılması üçün şərt irəli sürdü

Rusiya Xarici İşlər Nazirliyi çərşənbə günü bildirib ki, Moskva Ukrayna limanlarından təhlükəsiz ixraca imkan verən Qara Dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsinə yalnız onun fermerlərinin maraqları nəzərə alınacağı halda razılaşacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

"Rusiya tərəfi vurğulayıb ki, taxıl üzrə paket sazişinin davam etdirilməsi o halda mümkündür ki, Rusiya kənd təsərrüfatı məhsulları və gübrə istehsalçılarının dünya bazarlarına maneəsiz çıxışı baxımından maraqları nəzərə alınsın”, - nazirlikdən bildirilib.

BMT və Türkiyənin vasitəçiliyi ilə imzalanan saziş bu ay yenilənməlidir.

Ukrayna daha yaxşı planlaşdırma üçün müqavilənin daha uzun müddətə - bir ilə qədər uzadılmasına çalışacağını və həmçinin Nikolayev limanının da daxil olmasını arzulayacağını bildirib. Rusiya isə razılaşmanın bəzi məqamlarından narazı olduğunu açıq şəkildə bəyan edib.

Çərşənbə axşamı Ukraynanın işgüzar dairələri Qara Dəniz Taxıl Təşəbbüsünün qarant tərəflərinə - BMT və Türkiyəyə onun stabil fəaliyyətinə, davam etdirilməsinə və genişlənməsinə töhfə vermək, həmçinin Qara dənizdə azad ticarət naviqasiyasını təmin etmək üçün birgə müraciət yayıb. 

Ötən ilin iyulunda BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü Ukraynanın üç limanından taxıl ixrac etməyə imkan verib. Müqavilə noyabrda uzadılıb və uzadılması ilə bağlı razılıq əldə olunmasa, martın 18-də başa çatacaq.

Razılaşmaya əsasən, Ukrayna ayda 3 milyon tona yaxın kənd təsərrüfatı məhsulları ixrac edir, lakin icmaların inkişafı və infrastruktur nazirinin müavini Yuri Vaskov bildirib ki, Ukrayna Odessa vilayətinin limanlarından ayda 6 milyon ton məhsul ixrac edə və sazişə Nikolayev limanı qatılacağı təqdirdə bu rəqəmi 8 milyon tona çatdıra bilər. 

Nizami Bağırov