Dünya 23:41 08.06.2022

Rusiya və Türkiyə Ukraynadan taxıl ixracı dəhlizinə ümidləri artırır

1Yaxın günlərdə Ukraynanın Berdiansk limanından taxıl daşınması bərpa ediləcək.

Qaynarinfo "The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu barədə Kremldən bildirilib.

Kreml Rusiya xarici işlər naziri Sergey Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqlarının nəticəsi olaraq bildirib ki, Ukraynanın Berdyansk limanında ərazinin minalardan təmizləmə işləri aparılandan sonra taxıl daşınması yenidən başlayacaq.

Ancaq Türkiyənin xarici işlər nazirin açıqlaması rəsmi Ankaranın daha ehtiyatlı düşüncədə olduğunu göstərir. Türkiyə XİN rəhbəri gəmilərin təhlükəsizliyini təmin etmək üçün Moskva və Kiyev arasında daha çox danışıqlara ehtiyac olduğunu deyib. 

"Ukrayna taxılının bazara çıxarılması üçün müxtəlif ideyalar irəli sürülüb, ən sonuncusu BMT-nin BMT, Ukrayna, Rusiya və Türkiyə arasında yaradıla biləcək mexanizm planıdır. Biz bunu məqbul hesab edirik", deyə Çavuşoğlu bildirib.

Müharibə nəticəsində ölkə ticarətinin 90%-nin keçdiyi Qara dəniz limanları bağlandığı üçün Ukraynanın taxıl ixracının böyük əksəriyyəti dayanıb.

Ankara taxıl ixracı ilə bağlı hər hansı razılaşma əldə olunarsa, "nəzarət mexanizmi”nin bir hissəsi kimi rol almağa hazır olduğunu bildirib.

Gəmiçilik sənayesindən xəbərdar olanlar bildirirlər ki, əvvəlcə Ukraynanın sahil suları xüsusi sığorta təşkili ilə minalardan təmizlənməli və gəmilərin, həmçinin ekipajın təhlükəsizliyinə ciddi təminat verilməlidir. Yalnız bu halda hər hansı gəmi sahibi Qara dənizə donanma göndərmək isətəyə bilər.

Nurlan