Dünya 17:20 13.09.2023

Rusiya XİN Navalnının mübadiləsi ilə bağlı ABŞ-la danışıqları təkzib etdi

Rusiya müxalif siyasətçi Aleksey Navalnını ABŞ-la məhbus mübadiləsi siyahısına daxil etməyi düşünmür.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
 
O, "Wall Street Journal"ın Qərb rəsmilərinin Navalnını çoxtərəfli razılaşmanın bir hissəsi kimi mübadilə üçün mümkün namizəd hesab etdiyini bildirən məqaləni tənqid edib.

"WSJ-nin bunu haradan götürdüyünü təsəvvür belə edə bilmirəm. Bunlar nə rəsmi şərhə, nə də qeyri-rəsmi müzakirəyə ehtiyacı olmayan fərziyyələrdir”, - Zaxarova Şərq İqtisadi Forumunun brifinqində bildirib. 

O vurğulayıb ki, məhbus mübadiləsi kimi "dərin iş" açıq şəkildə, "xüsusilə də ABŞ qəzetləri vasitəsilə" müzakirə edilə bilməz.

Xatırladaq ki, bir müddət əvvəl Qərb rəsmiləri WSJ-yə bildiriblər ki, Kreml Çeçen səhra komandiri Zelimxan Xanqoşvilinin qətlinə görə Almaniyada ömürlük həbs cəzası çəkən FSB-yə bağlı qatil Vadim Krasikovun ölkəyə qayıtmasında maraqlıdır. Həmsöhbətlərdən birinin iddiasına görə, prezident Vladimir Putin şəxsən Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevə məhkumun azad edilməsinə nail olmaq üçün göstəriş verib.

Rusiya artıq 2022-ci ildə Krasikovu dəyişməyə çalışıb və ABŞ rəsmiləri Berlinə müraciət edib, lakin Almaniya hökuməti qatili buraxmaqdan imtina edib.

Aleksey Navalnıya gəlincə, onun ABŞ-a verilməsi məsələsi 2021-ci ilin iyununda Putin və Bayden arasında aparılan danışıqlardan sonra jurnalistlər tərəfindən gündəmə gətirilib. Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqton belə təkliflər səsləndirməyib. Kreml sözçüsü onu da əlavə edib ki, Rusiya mühakimə olunan müxalifətçini yalnız ABŞ vətəndaşlığına malik olduğu və kəşfiyyat xidmətlərində işlədiyi üzə çıxdığı halda, ABŞ-a verə bilər.

Nizami Bağırov