Siyasət 15:48 10.12.2022

Rusiya XİN: Yaxınlarda 3+3 formatında ikinci görüş baş tuta bilər

"3+3” formatında regional əməkdaşlıq platformasının ikinci iclası (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) yaxın aylarda baş tuta bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar məlumat verib.

"Hazırda 3+3 formatında ikinci görüşün keçirilməsi ilə bağlı təşkilati üsullar üzərində iş aparılır. Ümid edirik ki, bu, yaxın aylarda baş tutacaq. Bütün iştirakçıların əhval-ruhiyyəsinə əsasən, Gürcüstana da dəvət göndərilə bilər", - o deyib.

Qonçarın sözlərinə görə, Rusiya tərəfi əmindir ki, iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək üçün 3+3 məsləhətçi regional platforması tələb olunur.

Bundan əlavə, Rusiya regionun tranzit potensialının açılmasına xüsusi əhəmiyyət verir ki, bu da nəqliyyat marşrutlarının bərpası ilə asanlaşdırılacaq.
"İnfrastrukturun modernləşdirilməsi sahəsində birgə layihə fəaliyyətlərinin perspektivləri təkcə nəqliyyat sahəsində deyil, həm də enerji sektorunda böyük maraq doğurur. Bu cür əməkdaşlıq hərtərəfli regional əlaqələrin qurulması yolu ilə regionda etimadın yaradılmasına kömək edəcək və Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə normallaşması proseslərinin dəstəklənməsinin sütunlarından birinə çevriləcək”, - Rusiya Xarici İşlər Nazirliyinin departament direktoru bildirib.

Xatırladaq ki, 2021-ci il dekabrın əvvəlində Moskvada Rusiya Federasiyası, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun həmsədrliyi ilə 3+3 regional məsləhətçi platformasının ilk iclası keçirilib. Gürcüstan indiyədək məsləhətçi formata qoşulmaqdan imtina edib.
 
Alpər