Dünya 12:27 21.05.2023

Rusiyanın 3-cü ən böyük partiyası Putinin namizədliyini irəli sürməyi təklif etdi

"Spravedlivaya Rossiya” siyasi partiyasının rəhbəri Sergey Mironov şənbə günü 2024-cü ildə keçiriləcək prezident seçkilərində Vladimir Putini namizəd kimi dəstəkləməyi təklif edib.

Qaynarinfo Anadolu Agentliyinə istinadən xəbər verir ki, partiya rəhbəri bununla bağlı qurultaya müraciət edib.

"Mən qurultayımızın nümayəndələrinə 2024-cü ildə keçiriləcək seçkilərdə Vladimir Vladimiroviç Putinin Rusiya Federasiyasının prezidentliyinə namizəd kimi irəli sürülməsi təklifi ilə müraciət edirəm”, deyə Sergey Mironov qurultayda bildirib.

"Spravedlivaya Rossiya” Rusiyada Vahid Rusiya və Kommunist Partiyasından sonra üçüncü böyük siyasi partiyadır.

Mironov etiraf edib ki, seçkilərin müharibə səbəbindən təxirə salınma ehtimalı var.

"Bununla belə, əgər seçki baş tutsa, o zaman prezidentin "ümummilli dəstəyə” ehtiyacı var”, deyə o əlavə edib.

Putin 2018-ci ilin martında ardıcıl ikinci müddətə prezident seçilib. 2020-ci ildə Rusiya parlamenti Putinə 2024-cü il seçkilərində iştirak etməyə icazə verən konstitusiya dəyişikliklərini qəbul edib.

Aydın