Dünya 13:50 31.05.2023

"Rusiyanın Azadlığı" legionu Moskvaya hücum üçün minlərlə insan toplayır - The Times

Rusiya Federasiyasında Putin rejimini devirmək istəyən "Rusiya Azadlığı” legionunun könüllüləri Moskvaya hücum üçün minlərlə rusiyalını cəlb edir.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times” "Sezar” adlanan legion spikerinə istinadən yazır.
 
Onun sözlərinə görə, bölmə qüvvələri Moskvaya hücum etmək üçün kifayət qədər çoxalana qədər Rusiya sərhədində reydləri davam etdirəcək.

"Bizim ciddi imkanlarımız var. Minaatanlarımız, zirehli texnikamız, Stinger MANPADS, portativ tank əleyhinə sistemlərimiz və çox təsirli kəşfiyyat aparatlarımız var", - Sezar deyib.

Onun sözlərinə görə, hazırda "Rusiyanın Azadlığı" legionunda 500-dən 1000-ə qədər döyüşçü var.

"Biz cinayətkar deyilik və Vaqner kimi şəxsi hərbi şirkət deyilik. Hamımız Rusiya Federasiyasının vətəndaşlarıyıq. Bəzilərimiz əvvəllər Ukrayna Silahlı Qüvvələrində xidmət etmişik", - spiker deyib.

"Sezar” bildirib ki, legionun əsas məqsədi Ukraynanı qorumaq, onun ərazilərini azad etmək və Putin rejimini devirməkdir.

Xatırladaq ki, mayın 22-də "Rusiya könüllülər korpusu” və "Rusiya azadlığı” legionunun döyüşçüləri ilk dəfə olaraq Rusiya Federasiyası ilə sərhədi keçərək Belqorod vilayətinin Qraivoronski rayonuna daxil olublar.

Döyüşçülər müraciətlərində izah ediblər ki, onlar ölkələr arasında hərbisizləşdirilmiş zona yaratmaq və həmvətənlərinə Putin rejiminə qarşı mübarizəni göstərmək istəyirlər.

Daha sonra legion elan edib ki, Rusiya Federasiyasının sərhədyanı rayonlarının demilitarizasiyası yeni başlayır.

Ötən gün "Rusiya könüllülər korpusu”nun nümayəndələri növbəti dəfə Rusiya sərhədini keçdiklərini açıqlayıblar.

Alpər