Dünya 21:32 27.03.2023

Rusiyanın bir sıra şəhərlərində Meladzenin konsertləri ləğv edildi - Səbəb Ukrayna...

Rusiyada müğənni Valeri Meladzenin Novosibirsk, Barnaul və Kemerovoda apreldə planlaşdırılan konsertləri ləğv edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rosbalt konsert təşkilatlarına istinadən məlumat yayıb.

Novosibirskdə Meladzenin konsertləri aprelin 26-da və 30-da keçirilməli idi. "Konsertlər hər iki gündür ləğv edilib, biletləri geri qaytarmaq olar", - tədbirin biletlərini satan Novosibirsk Şəhər Bilet Kassasından bildiriblər.

Kemerovo və Barnaulda aprelin 27 və 29-na planlaşdırılan daha iki konsert ləğv edilib. "Meladzenin konserti? O, qadağan olunmuş sənətçidir, konsert planlaşdırılmır. Yəqin ki, bir neçə köhnə plakat görmüsünüz", - deyə agentlik Barnauldakı "Titov Arena”dan sitat gətirib.

Bundan əvvəl Meladzenin Rusiyanın bir sıra digər şəhərlərində, o cümlədən Rostov-na-Don və Krasnoyarskda, eləcə də Moskva yaxınlığındakı Barvixada konsertləri ləğv edilmişdi.

Xatırladaq ki, Valeri Meladze Ukraynada döyüşlərə son qoymağa çağıran ilk rus sənət adamlarından biri olub. Senator Yelena Afanasyeva müğənnini vətəndaşlıqdan məhrum etməyə çağırıb, Dövlət Dumasının Mədəniyyət Komitəsinin sədrinin birinci müavini Yelena Drapeko müğənninin xarici agent kimi tanınmasını və "Rusiyaya girişinə qadağa qoyulmasını” təklif edib. Meladze özü də buna cavab olaraq bildirib ki, o, "yaxın xalqlar” arasındakı "antaqonizm”ə son qoyulmasını arzulayır.

Alpər