Dünya 17:22 02.06.2023

“Rusiyanın itkiləri düşündüyümüzdən də çoxdur” - Ekspert

"Rusiya artıq böyük çətinliklə üzləşir və onun resursları qarşıya qoyulan məqsədləri yerinə yetirməyə imkan vermir. Buna görə də Rusiya müəyyən hazırlıq keçmək üçün bir qədər vaxt qazanmaq istəyir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında bunu hərbi ekspert Üzeyir Cəfərov Ukraynanın əks-hücumda israrlı olduğu bir zamanda belə Rusiyanın vəziyyəti dəyişmək üçün hələ də əlavə hərbi qüvvələr cəlb etməməsinin səbəblərindən danışarkən deyib.
 
"Rusiya həm də kifayət qədər böyük itkilərin olmasından ehtiyat etdiyindən öz resurslarını tam olaraq müharibəyə cəlb etməkdən çəkinir. Amma Rusiya indiyə kimi, müharibəyə kifayət qədər insan resursu cəlb edib. Lakin onun da effekti yoxdur. "Vaqner” təşkilatının ümidinə qalan Rusiya ordusunun hal və əhvalını təsəvvür etmək elə də çətin deyil. Son Moskva hadisələri Rusiyada ordu ilə bağlı insanlarda inamsızlıq və ciddi narahatlıq yaradıb”, deyə ekspert bildirib.



Uzeyir Cəfərov vurğulayıb ki, rus ordusu sadəcə peşəkarlıq baxımından korluq çəkir: 

"Rusiya ordusunun şəxsi heyəti yetərincədir. Onlar insan sarıdan korluq çəkmir. Amma peşəkarlıq baxımından hazırlıqları çox zəifdir. Ukraynanın müasir silahları qarşısında Rusiyanın tək Baxmutda itirdikləri onlar üçün böyük bir inamsızlıq yaradır. Rusiyanın üzləşdiyi çətinlik gözlənilən idi. Çünki ötən ilin fevralından üzü bəri xeyli peşəkar hərbçi itiriblər. Onların yerini doldurmağa isə vaxtları yoxdur”. 

Qeyd edək ki, xeyli müddətdir Ukraynanın Rusiyaya qarşı müharibədə əks-hücuma keçəcəyi barədə məlumatlar yayılır. Ukrayna rəsmiləri konkret vaxt açıqlamasalar da, həmin prosesə az qaldığını bəyan edirlər. Belə bir vəziyyətdə maraqlıdır ki, Rusiya öz gücünü möhkəmləndirmək üçün cəbhəyə əlavə qüvvələr cəlb etmək əvəzinə, nədənsə mövcud resursları ilə kifayətlənmək istəyir.

Rüfət Sultan