Siyasət 15:46 02.02.2023

Rüşvətə bulaşan Rusiya sülhməramlıları: "Bu, əslində yenilik deyil"

"Erməni mətbuatının belə bir açıqlama yayması iki faktordan qaynaqlanır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural Rzayev Ermənistan nəşri "Hraparak” qəzetinin bəzi rus sülhməramlılarının Laçın yolu ilə Qarabağa aparılan yükün bir hissəsini müəyyən ödəniş müqabilində apardıqları barədə yaydığı məlumata münasibət bildirərkən deyib.
 
"İrəvan maksimum dərəcədə Qarabağdakı ermənilərin blokadada olduğunu şişirtməyə çalışır. Ona görə də, əhalinin sayını şişirdir, guya 120 min olduğunu iddia edirlər. Qida çatışmamazlığının olduğunu, dərman vasitələrinin çatmadığını bildirirlər. Amma Laçın yolunda keçirilən etiraz aksiyası fonunda Ermənistandan həmin əraziyə mindən çox yük maşını keçib. Belə olan şəraitdə, ərazidə qida qıtlığı, insanların kütləvi şəkildə aclığa məruz qalmaları mümkün deyil. Buna baxmayaraq, erməni tərəfi müxtəlif vasitələrdən istifadə edərək, ərazinin guya blokadada olduğu düşüncəsini formalaşdırmağa çalışır. Bu zaman da həmin əsassız iddialarının gücləndirilməsinə xidmət edən hər bir arqumentdən istifadə edirlər. Həmin müstəvidə də iddia edirlər ki, oradakı sülhməramlılar yükün daşınması üçün əlavə vəsait tələb edir”, deyə politoloq bildirib.

Digər tərəfdən, həmsöhbətimizə görə, sözügedən açıqlama Ermənsitan əhalisi arasında Rusiyanı nüfuzdan salmağa hesablanmış addımdır:
 
"Ermənistanda son zamanlar Rusiyaya qarşı fəaliyyət güclənir. Açıq şəkildə rus ordusunun Gümrüdən çıxarılmasını, Moskvanın Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirmədiyini qabartmaqla bu ölkə ilə münasibətlərin soyudulmasına nail olmaq istəyən qüvvələr var. Onlar ictimai fikri Rusiya əleyhinə kökləməyə çalışır”. 

Ekspert onu da vurğuladı ki, rus ordusunun rüşvət və korrupsiyaya bulaşması da əslində yenilik deyil:
 
"Böyük ehtimalla sülhməramlılar sözügedən məsələ ilə bağlı bəzi yük maşınlarından rüşvət almağa çalışıb. Rusiya ordusu Birinci Qarabağ müharibəsində də anoloji hərəkətlərə yol verib. Ermənilər diasporadan aldığı vəsaitin bir hissəsini rus ordusuna verib, onları da Azərbaycana qarşı əməliyyatlara cəlb ediblər. Ona görə rus sülhməramlılarının belə hərəkətə yol vermələri də təəccüblü deyil”. 

Qeyd edək ki, Ermənistanın "Hraparak” qəzeti yazdığına görə, bəzi sülhməramlılar Qarabağda qazanc əldə etməyə başlayıblar. Laçın yolu ilə yükün bir hissəsini ödənişlə aparırlar. Mənbə yazır ki, erməni iş adamlarından, xeyriyyəçilərdən və Qarabağda müvəqqəti yaşayan ermənilərə zəruri malları çatdırmağa çalışan insanlardan hər yük maşını üçün min dollara qədər pul alınır. 

Rüfət Sultan