Dünya 16:34 24.11.2023

Rüttenin partiyası Niderlandın yeni hökumətində iştirakdan imtina etdi

Niderlandda son parlament seçkilərində Dilan Yeşilgöz-Zeqeriusun rəhbərlik etdiyi baş nazir Mark Rüttenin Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası (VVD) gələcək hökumətə qoşulmamaq qərarına gəlib.

Qaynarinfo Niderlandın NOS telekanalına istinadən xəbər verir ki, bu barədə cümə günü Yeşilgöz-Zeqerius məlumat verib.

O, Hert Vildersin ifrat sağçı Azadlıq Partiyasını (PVV, parlamentdə 37 yer qazanıb) və Piter Omtsiqtin (parlamentdə 20 yer) rəhbərlik etdiyi yeni yaradılmış Yeni Vətəndaş Sazişi Partiyasını (NSC) "böyük qaliblər” adlandırıb. Yeşilgöz-Zeqerius partiyasının parlamentdə 10 yer itirdiyindən kabinetə daxil olmayacağını bildirib. 

"Bu, demək olar ki, 1/3-dir və seçicilərdən siqnalıdır. Ancaq yenə də, bizə səs verənlərdən üz döndərmək fikrində deyilik", deyə Yeşilgöz-Zeqerius bildirib və VVD-nin sağ mərkəzçi kabinetin formalaşmasını dəstəkləməyə hazır olacağını söyləyib. 

Yeşilgöz-Zeqerius, "Ancaq sağ mərkəzçi kabinetin formalaşmasına töhfə verəcəyik. Konstruktiv təklifləri dəstəkləyəcəyik, çünki bu, tolerantlığın bir formasıdır", deyib. 

VVD-nin qərarı Hert Vildersin koalisiya qurmasını çətinləşdirə bilər, belə ki, VVD və NSC koalisiya tərəfdaşları üçün ehtimal olunan namizədlər hesab olunurdu. İndi bütün gözlər NSC-də olacaq.

Uzunmüddətli koalisiya danışıqları Niderlandda qeyri-adi hal sayılmır. Sonuncu dəfə belə danışıqlar rekord 299 gün çəkib. 

Son nəticədə, Vildersin koalisiya yaratmaq cəhdləri uğursuzluğa düçar olarsa, digər partiyalar onsuz daha mərkəzçi koalisiya yaratmağa cəhd edə bilərlər. Əgər koalisiya razılaşması əldə olunmasa, başqa bir variant kimi yeni seçkilər nəzərdən keçirilə bilər. 

Xatırladaq ki, Quranı və islamı hədəfə alan Hert Vildersin rəhbərlik etdiyi Azadlıq Partiyası 22 noyabr seçkilərində rəqibləri üzərində böyük fərqlə qalib gəlib. 

Vilders israrla Niderlandın Aİ-dən çıxması üçün kampaniya aparır. O, bu ideyanın Niderland seçicilərinin əksəriyyəti arasında populyar olmadığını açıq şəkildə etiraf etsə də, yenə də Nexit-lə bağlı referendumun keçirilməsinə təkan verə bilər.

Azadlıq Partiyası liderinin təkliflərindən biri də ölkədə bürün məscidlərin bağlanması və müsəlman miqrantların Niderlanddan qovulmasıdır. 

Nizami Bağırov