Dünya 16:12 05.07.2023

"Saakaşvili ilə bağlı hər hansı məsləhətləşmədən söhbət gedə bilməz" - İrakli Kobaxidze

Gürcüstanın hakim "Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze bildirib ki, Gürcüstanın həbsdə olan sabiq prezidenti və Ukrayna vətəndaşı Mixail Saakaşvili ilə bağlı istənilən məsləhətləşmələr istisna olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə Gürcüstanın Birinci Kanalı məlumat yayıb.

"Atılan addımı nəzərə alsaq, növbəti addımlar artıq maraqlı deyil. Bu acı bir reallıqdır. Saakaşvili məsələsi ilə bağlı heç bir məsləhətləşmələrə başlamaq olmaz”, deyə partiya rəhbəri bildirib.

Kiyevin Saakaşvilinin vəziyyəti ilə bağlı Gürcüstan səfirini məsləhətləşmələr üçün Tiflisə göndərmək qərarına Kobaxidze belə reaksiya verib.

O, Gürcüstanın Ukraynadakı səfirinin Rusiya Federasiyasının Ukraynaya tammiqyaslı müdaxiləsinin ilk günündən Kiyevdə qaldığını qeyd edib və Ukrayna hakimiyyətinin bu addımını "təhqir və təəssüf doğuran” adlandırıb.

Xatırladaq ki, iyulun 4-də Ukraynada Gürcüstanın bu ölkədəki səfiri Georgi Zakaraşviliyə məhbus Mixail Saakaşvilinin vəziyyətinin pisləşməsi ilə bağlı kəskin etiraz edilib. Zakaraşviliyə mövcud vəziyyəti həll etmək yollarını tapmaqla bağlı məsləhətləşmələr üçün Tiflisə qayıtmaq təklif olunub. Eyni zamanda, Ukrayna Xarici İşlər Nazirliyi Saakaşvilinin müalicə və qulluq üçün Ukraynaya aparılması məsələsini dərhal müzakirə etməyə hazır olduğunu qeyd edib.

Nizami Bağırov