Dünya 18:44 19.06.2023

Saakaşvili siyasətə qayıdır: Mişa uğur qazana biləcəkmi?

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvili yenidən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib. Saakaşvilinin "Facebook” hesabında edilmiş paylaşımda qeyd olunub ki, o, səhhətindəki problemlərə baxmayaraq, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək. 

Saakaşvili həmçinin keçirilən bütün məhkəmə iclaslarında şəxsən iştirak edəcəyini əlavə edib: "Mən əsasını qoyduğum "Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya qüvvələrini birləşməyə çağırıram”.

Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Arif Əliyev bildirib ki, Saakaşvilinin yenidən siyasətə qayıtmaqla Gürcüstan daxilində nəyisə dəyişə biləcəyinə inanmır:



"Saakaşvilinin siyasi baxımdan fəalaşmasının Gürcüstanda nəyisə dəyişə biləcəyinə əmin deyiləm. Müşahidələrimə görə, artıq Saakaşvili fəal siyasətçidən daha çox Gürcüstanda bir simvoldur. Gürcüstanın simasının dəyişməsinin simvoludur. Amma onun aktiv siyasətə qayıtmasına gəlincə, son illərdəki fəaliyyəti göstərdi ki, o fərd olaraq hadisələrə ciddi təsir etmək və yaxud qüvvələr nisbətini ciddi şəkildə dəyişmək iqtidarında deyil. 

Saakaşvili hər zaman impulsivliyi, gözlənilməz addımları, bəyanatları ilə seçilib. Ona qarşı edilən haqsızlıqlar istər dünya ictimaiyyətini, istərsə də daxildəki demokratik qüvvələri narahat edir. Amma Saakaşvilinin impulsivliyi və bəzən böyük dəyəri olmayan qərarlar qəbul etməsi xarakterindən irəli gəlir”. 

Rüfət Sultan