Ölkə 17:24 10.08.2022

Salyanda zibil qutusu problemi: Afiq Məmmədyarov sakinlərin şikayətinə baxmır?

Salyan şəhərinin Əli bəy Hüseynzadə küçəsində yaşayan sakinlər rayon "Mənzil İstismar Təmir-Tikinti İstehsal Birliyi" MMC-nin rəhbəri Afiq Məmmədyarovdan şikayətçidir. 

Sakinlər Qaynarinfo-ya bildirib ki, Afiq Məmmədyarov zibil qutularının yerində qaraj və hovuz tikdirdirib. Bundan sonra zibil qutuları Əli bəy Hüseynzadə küçəsində yaşayış evlərinin qarşısına qoyulub. 

"Əvvəllər bu zibil qutuları qarajın yerində idi. İndi gətirib düz evimizin qarşısına qoyublar. Üfunət iyindən evdə oturmaq mümkün deyil. Antisanitariya baş alıb gedir. Dəfələrlər Afiq Məmmədyarova müraciət etsək də, nəticəsi yoxdur. Bir tərəfdə qaraj tikdirib, bir tərəfdə hovuz, biz isə əziyyət çəkirik”, deyə sakinlər deyib. 

Onların sözlərinə görə, neçə müddətdir bu problemlə bağlı şkayətçidirlər. Amma Afiq Məmmədyarov problemi həll etməyə həvəsli görünmür: "Zibil qutularına yer "tapılmır”. Ara yerdə biz üfunət iyindən boğuluruq”.

Qaynarinfo məsələ ilə əlaqədar Afiq Məmmədyarovla əlaqə saxlayıb. MMC sədri sakinlərin haqqında bəhs etdiyi qarajın ona aid olduğunu etiraf edib. Bununla belə bildirib ki, həmin qaraj 12-13 il əvvəl tikilib:

"O qaraj 12-13 il əvvəl tikilib və yerində zibil qutuları olmayıb. Bu barədə deyilənlər əsassızdır. Əslində problemin kökü başqadır. Zibil qutuları əvvəldən indiki ərazidə olub. Sadəcə sakinlərdən biri onun yaxınlığında ev tikib. Zibil qutularının dislokasiyası isə mənim səlahiyyətimdə deyil. Bunun üçün İcra Hakimiyyətinə müraciət etməlidir. Hovuza gəlincə, orada hovuz həmişə olub. Bu məsələdə mənim adımın hallandırılması doğru deyil”.

Seyid