Ekonomiks 19:33 08.12.2023

"Satidon qalmaqal"ı ilə bağlı növbəti prosesdə nə baş verəcək?

"Stadion qalmaqalı” ilə bağlı növbəti məhkəmə prosesi dekabrın 11-də keçiriləcək.

Qaynarinfo xəbər verir ki, prosesdə növbəti dəfə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, deputat Səttar Möhbalıyevin məhkəməyə çağırılması barədə vəsatət qaldırıla bilər.

Bu məsələ ibtidai istintaq vaxtı və məhkəmə istintaqının ilk vaxtlarında da qaldırılıb. 

Təqsirlənidirlən şəxslər də ilk proseslərdə AHİK sədrinin məhkəməyə çağırılmasına etiraz etməyib. Lakin sonradan bu mövqe dəyişib. 

Məlumat üçün deyək ki, bu iş üzrə Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının keçmiş sədri Nadir Əliyev və "Yasamal” idman-sağlamlıq klubunun sabiq direktoru Alik Həsənov təqsirləndirilir. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib. 

Qeyd edilən hallarla bağlı toplanan ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə cinayət işi başlanılıb.

Məhkəmə istintatı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə aparılır. 

Seyid