Dünya 19:42 27.11.2023

“Savaş daha qanlı mərhələyə qədəm qoyacaq” - Ekspert

"Təl-Əvivlə HƏMAS arasında atəşkəs rejimi uzadılacaq, amma bütün hallarda hərbi əməliyyatların dayandırılmasından danışmaq mümkün deyi”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev İsraillə HƏMAS arasında 4 günlük atəşkəsi şərh edərkən deyib:

"Bu gün səhərdən həm İsrail tərəfi, həm də HƏMAS atəşkəsin uzadılmasına hazır olduqlarını bəyan ediblər. İsrail tərəfinin açıqlaması ondan ibarətdir ki, hər gün 10 nəfər israilli əsirin azad olunması müqabilində atəşkəs bir gün daha çox uzadıla bilər. Qətər və Misirin öncədən başladıqları vasitəçilik missiyasının bu günlərdə daha intensiv xarakter aldığını və əsirlərin azad olunmasının İsrail ictimaiyyəti tərəfindən müsbət qarşılandığını nəzərə alsaq, hər gün 10 nəfərin azad edilməsilə atəşkəs ola bilsin daha bir neçə gün də uzadılsın”.
 


Ekspert bildirib ki, əsir mübadiləsi başa çatdıqdan sonra müharibənin yenidən alovlandığının şahidi olacağıq:

”Görünən odur ki, İsrail Qəzza zolağında sabitlik yaratmaqda, HƏMAS-ın tamamilə sıradan çıxarılmasında qətiyyətlidir. İsrail prosesi sona  çatdırmaqda israrlıdır”.
 
Qeyd edək ki, İsrailin hərbi kabineti Qəzza zolağında 4 günlük atəşkəs başa çatdıqdan sonra atəşkəs rejiminin uzadılması məsələsini müzakirə edib. "Yedioth Ahronoth”ın məlumatına görə, müzakirələr girovların azad edilməsindən sonra başlayıb. Xatırladaq ki, noyabrın 22-də Misir və Qətərin vasitəçiliyi ilə humanitar atəşkəsə dair razılıq əldə edib. Nəticədə Qəzzada saxlanılan 13 israillinin azad edilməsi müqabilində İsrail həbsxanalarından əksəriyyəti qadın və yeniyetmə olmaqla 39 fələstinli azad edilib. 

Rüfət Sultan