Anar Əsədli
Ölkə 14:09 03.01.2021

Səngər qazıntısından rahatsız olanlara...

Anar Əsədli
 
Ermənilərin yeni ordu quruculuğundan  danışmaları avantüradır, hər zamankı sərsəmləmədir. Erməni cəmiyyətinin xəstə təfəkkürlü olmağı hamımıza bəllidir.
 
Səngər gəzənlər və digər terrora yönəlik bəyanatları verənlər mütləq şəkildə cəzalandırılmalıdırlar.

 Amma  biz bu olaylardan milli həmrəyliyimizə zərər gələcək şəkildə təlaş keçirməməliyik.

 Qətiyyətli hərbi qərarlar alınmalıdır və bu əməliyatların həyata keçiriləcəyinə şübhəm yoxdur. Dövlətin xüsusi təyinatlılarının bu terorristləri məhv edəcəyi ana qədər Araikin, Balasanyanın açıqlamalarına təlaş yaradacaq şəkildə reaksiya vermək, yumşaq ifadə eləsək, hissi davranmaqdır. 

 Digər tərəfdən, bütün hallarda bu məsələlər haqqında ətraflı təhlil aparanda məsələnin əslində bizə sərf etdiyi qənaətindəyəm. 

Nədən? Çünki qeyri-müəyyənlik ortadan qalxacaq. 

İlk öncə, bir-iki həssas məqama diqqət yetirək. Əvəlla, Ordu qurmaq üçün iki əsas məsələ vacibdir - pul və siyasi dəstək. Ermənistanın faktiki olaraq, pulu yoxdur, borc içində üzür və hər hansı bir dövlətin yeni ordu quruculuğu üçün Ermənistana milyardları hansısa şərtlər altında verəcəyi qətiyyən real deyil. 
İkincisi, hətta bu, mümkün olarsa belə, o zaman siyasi dəstəyə ehtiyacı var. Dəstəyi ancaq Rusiya sağlaya bilər ki, o zaman da Rusiyanın sülhməramlı missiyası dərhal öz əhəmiyyətini itirir, necə deyərlər, gorbagor olur, bu da Rusiyaya həm öz qlobal maraqları baxımından sərf etmir, həm bu məsələnin qarşısında nə qədər gücü olsa da, dura bilməz. Bu isə ayrı mövzudur. 

Bəs, əslində nə üçündür, bu görüntülü mesajlar? 

Əgər xatırlayırsınızsa, bir neçə gün öncə Robert Köçəryan Putinlə 1 saata yaxın telefonda Ermənistandakı vəziyyəti müzakirə eləmişdilər. Bu gün Koçəryan və ona yaxın qüvvələr fəallaşaraq Qarabağdakı məğlubiyyətdən istifadə etməklə Paşinyanı devirib, hakimiyyətə gəlməkdə maraqlıdırlar.  Bütün bu mesajlar daha çox erməni cəmiyyətinə hesablanmış açıqlamalar və görüntülərdir. 

Bizə isə mesaj vermək istəyirlər ki, Rusiya arxalarından çəkilməyib və yenidən dəstək alıb savaşa bilərlər. Bu mesajla da daxilən nail olduğumuz siyasi, milli həmrəyliyi pozmaq istəyirlər.

 Bu baxımdan, çox diqqətli olmalıyıq.

Rahat və narahat olduğumuz məqamları düzgün ayırd etməliyik.

Ermənistanın ordu quruculuğuna istər maliyyə,  istər insan resursu baxımından yaxın illər üçün gücü yoxdur. Deyək ki, möcüzə oldu, göydən üç alma düşdü, bunu da yerdən götürüb yemək üçün qollara, ələ ehtiyac var. 

Rusiya bu gün ermənilər üçün qol və əl olsa, nə baş verər???

Sülhməramlı olmadığı, qərəzli, birtərəfli düşmən mövqeyi rəsmən ortaya çıxar. Bu baxımdan da Ermənistan Rusiyanın açıq  siyasi mövqeli dəstəyini ala bilməz. Rusiyanın Qafqazdakı maraqları buna imkan vermir. 

Ən nəhayət isə Azərvaycan Dövləti və Ordusu yatmayıb, istənilən hərəkətlənmənin qarşısını dərhal alacaq gücü var.

Daha bir vacib məsələ,  Türkiyə "F-16"larının burada niyə dayanması barədə  dövlət başçısının xatırlatmasını yadda saxlamaq lazımdır.
"İki Dövlət, tək Ordu" artıq formalaşmaqdadır.

Bizim Ermənistanla bağlı ciddi narahatlığımız olmamalıdır. 

Biz onları məğlub etmişik və edəcəyik.
 
Ya hərblə ya diplomatiya ilə  Xankəndiyə üçrəngli  bayrağımızı asacağıq. 

Bizim tək narahat olmalı məsələmiz Rusiyadır. Rahatsız olaq, amma təlaş keçirmədən...