Siyasət 09:58 02.03.2023

Separatçılara zərbə: Xocalı görüşündə əslində nə baş verdi?

Xankəndindəki separatçı rejim Xocalıda keçirilən görüşlə bağlı aqressiv mövqe sərgiləyir: özlərini "tərəf” kimi göstərir, "müstəqillikdən” imtina etməyəcəklərini dilə gətirir və görüşdə "inteqrasiya prosesi”nin müzakirə edildiyini israrla təkzib edirlər;

Bu mənzərəyə müsbət tərəfdən də baxmaq olar. Çünki Bakı Qərbin (ABŞ) erməni əhalisi ilə təmasların qurulması təklifinə əvvəldən razıdır, lakin prosesin indi – separatçıların erməni əhalisi üzərində təsirinin qaldığı müddətdə başlanması risklər vəd edir. Belə bir vəziyyətdə Bakının təmaslarda maraqlı olduğunu separatçıların bu təmaslara maneələr törətdiyini, yaxud "erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” çərçivəsində irəliləməsinə problemlər yaratdıqlarını göstərmək lazımdır.

Xocalıdakı görüş "biz erməni əhalisi ilə təmaslar qururuq” mesajını prosesin indi başlanmasını istəyən beynəlxalq ictimaiyyətə ünvanlamaq baxımından Bakıya sərf edir. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın fikirləri bu kontekstdə diqqət çəkir. Aİ-nin xüsusi nümayəndəsi tvitter hesabında yazır: "Xocalıdan Bakının nümayəndələri ilə Qarabağ erməniləri arasında təmaslarla bağlı ümidverici xəbərlər gəlir. Müzakirələrin həm hazırkı narahatlıqlara, həm də daha geniş məsələlərə fokuslanılması çox yaxşıdır”.

Bakı bununla:

- Azərbaycan suverenliyi çərçivəsində "erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunması” istiqamətində ilk addımı atır;
- Separatçıların iddiaları göstərməyə imkan verir ki, prosesi pozan və erməni əhalisi ilə təmaslar qurmağa maneələr törədən onlardır;
- Və növbəti mərhələdə suverenliyimizi təhdid edən, eləcə də erməni əhalisi ilə təmasların yaradılmasına imkan verməyənlərə qarşı praktiki addımların atılması legitimlik qazanır;

İstisna deyil ki, separatçılar "tərəf” kimi görünmək üçün təxribatlarla gərginlik yaradacaqlar. Artıq Azərbaycanı "kənd sakinlərinə güllə atmaqda” ittiham edirlər və bununla həm beynəlxalq ictimaiyyətə, həm də erməni əhalisinə "təmasların mümkünsüzlüyünü” göstərməyə çalışırlar.

Asif Nərimanlı