Dünya 17:10 10.12.2023

Serbiya Aİ-yə daxil olmaq istəyir, amma şərti var

Serbiya Avropa İttifaqına daxil olmaq niyyətindədir, lakin Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətinə qoşulmaq niyyətində deyil. 

Qaynarinfo rolitika.rs-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Serbiyanın baş nazirinin müavini, müdafiə naziri və Serb Tərəqqi Partiyasının sədri Miloş Vuçeviç çıxış edib.

"Serbiya Avropa İttifaqının tamhüquqlu üzvü olmalıdır, çünki vətəndaşlarımız bundan faydalanacaqlar. Amma kimlərsə bu yolda milli DNT-mizi tərk etməyimizi gözləyirsə, o zaman bu adam ciddi şəkildə yanılır. Biz Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməmişik və etməyəcəyik", deyə Vuçeviç bildirib.

O qeyd edib ki, Avropa İttifaqına daxil olmaq Serbiya üçün strateji öhdəlikdir və Belqrad onun həyata keçirilməsi üzərində işləməyə davam edəcək.

Serb siyasətçi ölkəsinin Çin, ərəb dünyası, Hindistan, Afrika və Amerika ilə tərəfdaşlıq əlaqələrini davam etdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, Serbiya hərbi baxımdan neytral qalmağa davam edəcək və heç bir hərbi alyansa, o cümlədən NATO-ya qoşulmayacaq.

Aydın