Dünya 15:33 27.12.2023

Serbiyanı kim "qaynadır", məqsəd nədir? (ŞƏRH)

"Hər şey müqavimətin səviyyəsindən, onların arxasındakı güclərin kimliyindən və hazırkı serb hakimiyyətinin iğtişaşlara qarşı görəcəyi addımlardan asılı olacaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev seçkilərdən sonra Serbiyada baş qaldıran prosesi şərh edərkən deyib.

"Serbiyada baş verənlər bu ölkə ilə Avropa İttifaqı arasında yaşanan fikir ayrılığının məntiqi nəticəsidir. İllərdir Serbiya ilə Qərb arasında xoşagəlməz münasibətlər mövcud olub. Belə vəziyyət heç də təkcə Kosovo məsələsilə bağlı deyil. Serbiyanın Rusiya ilə isti münasibətləri olub və bu münasibətlər indi də isti olaraq qalır", deyə Elşən Mustafayev bildirib.
 


Ekspert qeyd edib ki, belə münasibətin hökm sürməsi və Belqradın Avropa İttifaqı ilə münasibətlərinin lazımi qaydada olmaması Qərbi narahat edir:

"Ona görə də Serbiyada istənilən halda vəziyyətin indiki şəkil alacağı gözlənilən idi. Müxalifətin narazılığının artması üçün ortada səbəb   də var. Bu səbəb keçirilən parlament seçkiləridir. Serb müxalifətinin narazılığının etirazlara gətirib çıxaracağını gözləyirdik. Qərblə Şərqi Avropanın sərhədində yerləşən Serbiyada bu prosesləri həyata keçirmək daha asandır, nəinki Avropadan daha uzaq ərazilərdə. Hər şey prosesin necə cərəyan edəcəyi və müxalifətin gücündən asılıdır. Hətta qısa müddətli olsa da, baş verən prosesin qanlı hadisələrlə nəticələnə biləcəyi də istisna deyil".

Qeyd edək ki, Serbiyada müxalifət tərəfdarları prezident Aleksandar Vuçiçin rəhbərlik etdiyi Serbiyanın Tərəqqi Partiyasının (SNS) qalib gəldiyi parlament və prezident seçkilərinin nəticələrinin ləğvinə nail olmaq üçün etiraz aksiyası keçirirlər. Müxalifət nümayəndələri səsvermə zamanı saxtakarlıq edildiyini iddia edərək seçkinin nəticələrini tanımaqdan imtina edib.

Rüfət Sultan