İdman 18:14 23.11.2022

Səudiyyənin qapıçısı Argentina ilə oyunda öz komanda yoldaşının çənəsini sındırıb

Qətərdə Argentina millisi ilə keçirilən dünya çempionatı matçında Səudiyyə Ərəbistanı komandasının qapıçısı Məhəmməd Əl-Ovays ilə toqquşan müdafiəçi Yaser Əl-Şahraniyə çənəsinin sınığı diaqnozu qoyulub.

Qaynarinfo bu barədə Gulf Today-ə istinadən xəbər verir.

Hadisə noyabrın 22-də ikinci hissənin əlavə vaxtında baş verib. Argentinalıların cərimə meydançasına vurduğu asmadan sonra topu qapıdan çıxaran qapıçının dizi müdafiəçinin üzünə çırpılıb. Sonuncu xərəkdə meydançadan çıxarılıb.

Əl-Şəhraninin üzünün sol sümükləri sınıb və daxili qanaxma səbəbindən təcili cərrahiyyə əməliyyatına ehtiyac yaranıb. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman idmançının müalicə üçün xüsusi təyyarə ilə Almaniyaya aparılmasına göstəriş verib.

Xatırladaq ki, görüş Səudiyyə Ərəbistanının 2:1 hesablı sensasiyalı qələbəsi ilə başa çatıb.
 
Alpər