Siyasət 09:50 10.06.2022

Sevgi və nifrətsiz diplomatiya: Türkiyə - NATO münasibətlərində “Rusiya amili”  - Politoloq

NATO üzvü olması Türkiyənin siyasi önəmini artırır. Lakin buna baxmayaraq, Ankara son illər balanslaşdırılmış xarici siyasət sərgiləyir. Ukrayna-Rusiya savaşında da Ankara qurumdakı digər ölkələrədn fərqli olaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Türkiyə hətta Kiyevlə Moskva arasında vasitəçilik missiyasını da həyata keçirir. Ukrayna taxılının Qara dənizdən daşınması istiqamətində aparılan danışıqlarda da Ankara dominant rolunu oynayır. 

Qərb isə Rusiyanı küncə sıxmaqda davam edir, ona qarşı sanksiyaları gücləndirir. Ankara bütün hallarda Moskva ilə münasibətlərini kəsmir. Aydın məsələdir ki, bu və ya digər prosesdə dövlətlərin yürütdüyü siyasət onun maraqlarına cavab verməli, ona qazanc gətirməlidir. Bu mənada, NATO üzvü olan Türkiyənin Rusiyaya münasibətdə tutduğu mövqe fonunda Ankaranın qazancı nədən ibarətdir?

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Turan Rzayevin fikrincə, Türkiyənin sözügedən məsələdə sərgilədiyi fərqli mövqe ilk növbədə Ankaranın iqtisadi və siyasi maraqlarından qaynaqlanır: 

"Türkiyənin belə mövqe sərgiləməsini başa düşmək olar. Çünki NATO ölkəsi olsa da, Türkiyə bir çox məsələlərdə Qərbin dəstəyini tam olaraq əldə edə bilməyib. Ona görə də Ankara nə Rusiya ilə münasibətini pozmaq istəyir, nə də ki, Qərblə açıq qarşıdurmaya gedir. Ankara Rusiya-Ukrayna müharibəsində neytral olmağa çalışır, hər iki tərəfə münasibətdə "açıq qapı” siyasəti yürüdür. Türkiyə hər iki tərəf üçün etibarlı vasitəçidir. Bu rolda Türkiyənin çıxış etməsi həm Qərbə, həm də Rusiyaya sərf edir. Türkiyə bu gün turizm və digər sahələrdə əsasən Rusiya ilə əməkdaşlıq edir. Hər il Rusiya turistlərinin Türkiyəyə səfəri qardaş ölkənin iqtisadiyyatına milyardlarla dollar mənfəət verir. Onu da unutmaq olmaz ki, Türkiyədə kifayət qədər Rusiya şirkətləri fəaliyyət göstərir”.

Ekspert düşünür ki, Türkiyə belə mövqe yürütməklə həm də Rusiya bazarlarını tərk edən Avropa şirkətlərinin yerini tutmağa çalışır: 

"Türkiyə yaranan bu boşluğun fərqindədir. Ona görə də türk şirkətlərinin həmin bazara daxil olmağını istəyir”. 

Turan Rzayevin sözlərinə görə, bütün hallarda Rusiya üçün tərəfdaş olaraq Türkiyə daha etibarlıdır: 

"Rusiya ilə Türkiyənin maraqlarının toqquşduğu regionlar var. Qarabağ, Suriya, İraq, Liviya. Türkiyə bu regionlarda Moskva ilə qarşı-qarşıya gəlməmək üçün onunla həm də əməkdaşlıq edir və bundan da qazanır”.

Rüfət Sultan