Əli Sahib
İdman 11:05 02.04.2021

Şəxsi maraqların qurbanı - Milli

Əli Sahib

Milli komandanın oyunları ilə bağlı yaranmış fasilə başa çatdı. Yığmamızın biabırçı oyunundan, uğursuz nəticələrindən yazmayacam. Bu həftədən bütün diqqətlər milli çempionata yönələcək. Hər zaman olduğu kimi, bizə qalan çempionatımız və "Qarabağ”ın avrokuboklardakı uğurlu çıxışına ümid olacaq.
 
İnsafən, "Qarabağ” 7 ildir ki, Azərbaycan futbolunun üzünü ağ edir. Deyəsən, millini bərbad hala salanlar indi dişlərini "Qarabağ”a qıcayıblar.  Bütün qüvvələr  "Qarabağ”ı durdurmaq üçün səfərbər olub. Hətta bu niyyətlərinə milli komandamızı da alət ediblər. Necə? Bu haqda birazdan… 

Gələk "Qarabağ”ı durdurmaq niyyətinə. Əlbəttə, ağdamlıların çempionluqdan olmasını, birbaşa Qurban Qurbanovun uğursuzluğunu elə onu millidən kənar qoyanlar illərdir arzulayır. Bu yəqin ki, fubol aləminə sirr deyil. Sadəcə, illərdir "Qarabağ”a rəqib yoxdur və belə şəraitdə niyyətlərini açıq şəkildə biruzə vermək yersiz alınardı. Düzdür, Bordinin dönəmində bir ara Neftçi 5-6 xal önə çıxmışdı. Qurban Qurbanovun, "Qarabağ” futbolçularının təcrübəsi, heyət genişliyi, qələbə əzmi əzəli rəqibə çempionluq şansı vermədi. Bu mövsüm vəziyyət fərqlidir. Pandemiya əksər komandaları "bərabərləşdirib”. Odur ki, bu mövsümün mənzərəsi dəyişib. "Neftçi” rəqabət yarada bilib. Bu isə Qurbanovun uğursuz olmasını arzulayanlara fürsət yaradıb. Vəziyyət o həddə çatıb ki, artıq açıq oynamağa başlayıblar.  Ağına-qarasına baxmadan "Neftçi”yə hər cür güzəşt olunur. Necə? Sadalayaq, siz də görün. 

Neftçi Premyer Liqada ardıcıl 4 ev oyunu keçirir. Dünyada belə halın təkrarlandığı neçə liqa deyə bilərsiniz? Bəli, düşünmək olar ki, burada nə var? Əvəzində 4-cü dövrədə 4 səfər oyunu keçirəcək. Lakin unutmayaq ki, AVRO-2020-yə görə "Bakcell Arena”nın bağlanmaq ehtimalı var. O zaman "Neftçi” ev oyununu başqa stadionda  keçirməlidi. "Qarabağ”ın əsas rəqibi öz meydança amilindən beləcə yararlanmış oldu. 

Bu sözləri yadda saxlayın! Əgər Neftçinin çempionluq şansı qalsa, son turda "Qarabağ”ı "Bakcell Arena”da qəbul edəcək.  Deyəcəklər ki, istisna hal kimi öz meydanımızda oynayırıq. Hərçənd Bakıda AVRO-2020 oyunlarının keçiriləcəyi də böyük şübhə doğurur. Bu halda 4-cü dövrədə "Keşlə”nin, "Sumqayıt”ın stadionları  təmirə dayansa, matçlar "Bakcell Arena”da baş tutsa, təəccüblənməyin. Təbii, nominal meydan sahibləri "Keşlə”, "Sumqayıt” olacaq. Ssenari buna uyğun yazılıb. Bütün bu "oyunlar”ın fonunda əsas olan millinin oyunları səbəbindən yaranmış  fasilədən itkisiz çıxmaq istəyi idi. 

Bu mövsüm "Neftçi” qələbələri çətinliklə qazanırdı, psixoloji üstünlük yaratmaq, dəstəkləmək lazım idi. Komandanın özünə gəlməsi, qələbə ruhu baxımından. Üstəlik, milliyə cəmi 3 futbolçularının dəvət alacağını öncədən bilirdilər. Beləcə demək olar ki, tam heyətlə fasilə sonrasına hazırlaşmaq olardı… Hər şey ssenariyə uyğun oldu. 

Keysuke Hondanın transferi… 

Yaponiyalı super ulduzun transferində əsas məqsədin nə olduğu haqda daha əvvəl yazmışdıq. https://fanat.az/az/topazla-neftcinin-gizlin-honda-anlasmasi/ Odur ki, bu mövzuya qayıtmaq istəmirəm. Düzdür, Honda super addır, təbliğat baxımından çox önəmlidir. Düşünürlər ki, onun gəlişi ilə komandada ruh yüksəkliyi olacaq. Amma yapona qucaq açmaqla digər futbolçulara haqsızlıq etdiklərinin fərqində deyillər. Bu günə qədər "Neftçi”nin lider olmasında pay sahibi olan legionerlər, Mbocdan tutmuş, Buqrinə qədər hər biri Hondadan qat-qat aşağı pul qazanırlar. Onların heç birinə nə şəxsi aşbaz, nə də ayrıca mətbuata cavabdehlik daşıyan şəxs ayrılmayıb. Yapon futbolçunun isə həm şəxsi aşbazı, həm ayrıca tərcüməçisi, həm də mətbuat xidməti var. Məgər bu  "Neftçi”ni lider edənlərə haqsızlıq deyilmi? Əslində bu ayrı mövzudur. 

Milliyə dəvət alan futbolçular

"Qarabağ”dan 10, "Neftçi”dən isə 3.(!) Çempionatın lideri "Neftçi”dən cəmi 3 futbolçu! Necə olur? Sonuncu pillədə qərarlaşan "Sabah” daha çox oyunçu ilə millidə təmsil olunur.  Düşündürücüdür? Ömər Buludov milliyə layiq deyil? Yoxsa, Mirabdulla Abbasov? Tərlan Əhmədovun təbirincə desək, oynamayan qapıçı dəvət aldığı halda, Aqil Məmmədov milliyə niyə çağırılmır? Səbəb sadədir: "Neftçi”nin fasilədən sonraya demək olar ki, tam  heyətlə hazırlaşmasına şərait yaratmaq. "Qarabağ” isə cəmi 7 futbolçu ilə qaldı. Üstəlik, legionerlərdən əla formada olan, komandanın açar oyunçusu Patrik Andrade də öz ölkəsinin millisinə yollanmışdı və necə qayıtdığı bəlli deyil. Millimizdə isə "Qarabağ” 2 itki verdi. Əsas yerli futbolçulardan Qara Qarayev və komandanın ən məhsuldar oyunçusu Mahir Emreli zədələndi. Hətta Mahir matçdan əvvəl ağrıları olduğunu, oynamağın riskli olduğunu söyləsə də, meydana buraxıldı. Niyə?  Belə bir fikir səsləndirənlər var ki, "Neftçi”ni çiyinlərində daşıyan Namiq Ələsgərovu əlacları olsa milliyə çağırmazdılar. O, məhz tənqidlərdən qaçmaq üçün seçməmizə çağırılıb. Amma düşərgədə qorunub.  Serbiya ilə oyunda adı heç "23-lüy”ə də salınmadı. İnanmaq istəməsəm də, onun heyətdən kənarda qalması belə düşünənlərin yanılmadığını söyləməyə əsas verir. De Byazi oyundan sonra deyib ki, Namiqin beynəlxalq təcrübəsi yoxdur. İtaliyalı mütəxəssis Əli Qurbaninin, Elvin Bədəlovun, Vüqar Mustafayevin, Elvin Cəfərquliyevin təcrübəsinin olduğunu düşünürsə, daha deyiləcək söz qalmır…
 
Hə, unutmuşduq, Anatoli Nuriyevin çıxış etdiyi "Minay” hər mövsüm avrokuboklarda oynayır axı?! Yuxarıda qeyd etmişdim, ilk dəfə Qurban Qurbanovu göndərməklə niyətlərini ortaya qoyanlar, indi millini qurban verməklə, Qurbanovun uğursuz olduğunu qabartmaq istəyir.  Milli maraqlar klub, dolayısı ilə maddi maraqlara qurban verilməyə başlanıb. Artıq açıq oyunlar gedir. Elə ona görə də, bu gün Ermənistan 3 oyundan 3 qələbə ilə qrupun lideridir. Özü də Almaniyanın yer aldığı qrupda. Artıq etirazların miqyası böyüyüb. Azarkeş milli komandaya cavabdehlik daşıyanlardan daha millidir! Bu gün onlar AFFA-da 14 ildir rəhbər vəzifə tutan Elxan Məmmədovun istefasını tələb edir. Dəyişiklik istəyir. O isə yeni oyunaların, qazancların planını qurur. Görünən kəndə bələdçi lazım deyil…

Qısacası, reklamlar bitdi, seyrə davam. Baxaq, bu oyundan kim qalib ayrılacaq? "Qarabağ” istənilən halda, sona kimi mübarizə aparacaq! Əsas sual… İmkan verəcəklərmi?