Ekonomiks 16:09 31.10.2022

Sığorta şirkətləri sürücüləri incidi - Nəqliyyat eksperti yeni qaydaları tənqid etdi

1 noyabr tarixindən avtomobillərin icbari sığorta ödənişində yeni qaydalar qüvvəyə minəcək. Qaydaya əsasən, icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, avtomobilin sığortalandığı şirkət qarşılayacaq.
 
Nəqliyyat eksperti Elməddin Muradlı Qaynarinfo-ya açıqlamasında bildirib ki, bütün bunlar sığorta sahəsi ilə bağlı manipuliyasiya hərəkətləridir:

"Sığortanı hansı şirkətin ödəməsindən asılı olmayaraq, ödənişlərlə bağlı sürücüləri narahat edən ciddi problemlər var. Bu problemlərin həlli ilə məşğul olmaq lazımdır”. 
 
Elməddin Muradlı bəzi sığorta şirkətlərinin özbaşınalıq etdiyini vurğulayıb:



"Mühərrikin həcmi 1500 sm3 olan nəqliyyat vasitələrini sığorta etməkdən imtina edirlər. Özbaşına qərar çıxarırlar ki, filan markalı avtomobillər risklidir, filan avtomobillər risklı deyil, qanunsuz hərəkətlər edirlər, sürücüləri incidirlər, qəza zamanı ödəniş məsələsində süründürməçilik edirlər, dəymiş zərəri aşağı hesablayırlar. Amma İcbari Sığorta Bürosu və Mərkəzi Bank bu problemləri həll etmək əvəzinə xırda-para məsələlərlə sürücülərin gözündə fantastik dəyişiklik etməyə çalışır. Zərəri sığorta edən şirkət ödədi, yaxud qarşı tərəfin şirkəti ödədi, hamısının mahiyyəti eynidir və hər biri insanları incidir. Yeni maşına köhnə detalları qoymaq üçün hər varianta əl atırlar. Mərkəzi Bank gedib bu işlərlə məşğul olsun”. 

Elməddin Muradlının fikirincə, əsas avtomobillərə dəyən ziyanın hesablanma prosesidir:

"Bunu həll etmək əvəzinə sığorta qiymtlərini artırırlar. Sığorta şirkətləri üçün hər şey edirlər, amma qarşı tərəfi düşünmürlər”. 

Bahar Rüstəmli