Məmməd SÜLEYMANOV
Sənət 10:50 12.06.2020

Sıravi cəlladın fikirləri...

Məmməd Süleymanov

"Kapitan Montes, sən də siestada rahat yata bilərdin. Əlbəttə, yorulmusan. Dünənki iş heç də yüngül deyildi - eyni vaxtda gətirilmiş onlarla məhbusla məşğul olmaq lazımdı. Onları gətirəndə artıq yaxşıca əzişdirmişdilər, üstəlik sən də onları incitməliydin...”

Uruqvaylı yazıçı, Sol intellektual Mario Benedettinin "Motsartı dinləmək” hekayəsi bu cümlələrlə başlayır. Hekayənin qəhrəmanı - polis zabiti, onun işi isə işgəncə verməkdir.

Benedetti işgəncə mövzusuna yaradıcılığı boyu dəfələrlə qayıdır. "Yaxın sahil” və "Kənarı qopmuş bahar” romanlarında, "Kiçik burjua”, "Ulduzlar və sən” hekayələrində... Ümumiyyətlə, onun əsərlərində gənc mübarizlərlə dövlətin amansız repressiya aparatı arasındakı kompromissiz qarşıdurma mərkəzi mövzudur. Bu cəhətdən onun əsərləri də "siyasi yazılmış ədəbiyyat”dır (Qodarın "siyasi çəkilmiş kino”sunun ədəbiyyat variantı).

"Motsartı dinləmək” hekayəsində Benedetti 1960-80-cı illərdə Uruqvayda bir-birini əvəzləyən hərbi diktaturaların əxlaqsızlığını cəlladın dilindən təsvir edir. Bu, ədəbiyyat və incəsənətdə elə də geniş işlənən taktika deyil. Kinoda buna misal Coşua Oppenheymerin "Qətl aktı” sənədli filmidir. Orada cəlladlar heç bir peşmançılıq hissi keçirmədən, fəxrlə İndoneziyada uzaq 1965-ci ildə 1 ay ərzində 1 milyon kommunisti necə qətlə yetirdiklərindən danışırlar.

Benedettinin kapitan Montesi isə İndoneziyadakı o lümpenlərdən, kriminal elementlərdən fərqli olaraq estetdir, təhsillidir. Ancaq şər banallaşıb və cəlladlar arasındakı intellektual fərq heç nəyi dəyişmir. Qəddarlıq, başqalarının əzabına biganə qalmaq, bəzən hətta zövq almaq, bu çirkli əməli gündəlik peşəyə çevirmək, özünə haqq qazandırmaq üçün müxtəlif əqli "fırıldaqlar”a əl atmaq, səbəb və bəhanələr tapmaq - cəlladlar üçün ümumidir...

***

Motsartı dinləyərək fikirlərə qərq olan kapitan Montes özü üçün təsdiqləyir ki, heç də işgəncələrdən zövq almır, çünki məhbuslar danışmırlar və dostlarını satmırlar. Nadir hallarda "hansısa axmaq xilas olarcağına ümid edərək adlar çəkəndə” heç olmasa kapitan da işindən zövq ala bilir. 

Ona öyrədiblər: məqsəd vasitəyə haqq qazandırır, ancaq ən az məhz məqsəd barədə düşünürlər. Onun işi - vasitədir və bu vasitə güclü, effektiv, barışmaz olmalıdır.

Ona təlqin ediblər: bu gənc oğlan və qızlar - onun düşmənidir. Elə isə bəs dostları kimdir? Hər halda işgəncə əmrləri verən polkovnik Oçoa dost deyil. Hamının yanında kapitanı zəif adlandırır, işgəncə işinə yararsız sayır. Odur ki, kapitan Montes hər dəfə daha çox qəddarlıq göstərməli, özünü doğrultmalıdır.

İmtina etmək? Olmaz. Odur, işgəncə verməkdən imtina edənlərdən birini həbs etdilər, digərinin rütbəsini aldılar.

Üstəlik evdəki atmosfer. Ölkədə hamı bilir ki, polis amansız işgəncələr verir. Montesin həyat yoldaşı Amanda narahatlıqla deyir: "Heç olmasa sənə bu cür işləri tapşırmasınlar”. Amandanın ağlına da gəlmir ki, əri məhbus qızın bütün dişlərini bir-bir çəkib, yaxud cəmisi bir "seans”dan sonra həkimlər təcili olaraq fəhlə oğlanın xayalığını kəsmək məcburiyyətində qalıblar.

Polkovnik Oçoa ona ilk dəfə işgəncə verməyi əmr edəndə, Montesin imtina etmək ağlına da gəlmir: Onun karyerası bu əmrdən asılıdır. Düzdür, həmin axşam o, bir neçə dəfə ürəyi bulanıb qaytarır. Sonra isə hər şey adiləşir.

***

"Bunları yada salmaq nəyə lazım? Seçim edilib - və nöqtə. Hər halda, düşünürsən ki, sənin mənəvi hüququn çatır. Bəla da ondadır ki, sən mənəvi hüququ nadir halda yada salırsan, xatırladıqların isə ya qanla dolu ağız, ya da ağrıdan qıvrılan bədəndir. Bir sözlə, indi Motsartın hansısa simfoniyasını dinləmək vaxtıdır” - Montesin fikir axınından.

Motsartı ona Amanda sevdirib. Ancaq son vaxtlar Amanda onu dinləməyi xoşlamır. Amanda daima qorxur -  yeganə övladlarına, Xorxitoya görə, kiminsə qisas alacağından. Bir sözlə, işgəncə mövzusu daima evdə dolaşır, sadəcə kapitan həqiqətləri boynuna almır, Amanda isə hər şeyi bilir və içində boğub saxlayır.

Montes üçün nə vaxtsa müqəddəs triada vardı: "Tanrı, baş komandan və həqiqət”. Əvvəlcə üçüncüsü yox oldu. Tezliklə birincisi də olmayacaq. Yalnız ikinci qalacaq - baş komandan.

Cəlladlar da bir-birinə nifrət edirlər. Məsələn, işgəncə əmrlərini verən polkovnik Oçoa bu əmrləri icra edən kapitan Montesə nifrət edir. Həm də ona görə ki, Montes heç də pis niyyət güdmədən, əslində dərdinə şərik olmaq üçün ondan soruşub: "Polkovnik, doğrudur ki, sizin qızınız?..” Polkovnikin qızı,  gözəl Aurora isə evdən qaçaraq şəhər partizanlarına qoşulub və indi onun ləqəbi Sulemadır. Hələ də axtarışdadır.

Bu da tarixin sərt üzüdür - ata cəlladdır və qızının dostlarına işgəncə verir. Sabah-birigün isə qızının qətlinə, yaxud əzablarına haqq qazandıracaq.

Və bu, həm də reallıqdır - Uruqvay gerilyasına əksərən orta təbəqənin nümayəndələri və imkanlı ailələrin övladları qoşulurdu: tələbələr, ziyalılar, mühəndislər, şairlər, aktyorlar. "Tupamaros”un əfsanəvi lideri Raul Sendik də, elə Benedettinin özü də buna təsdiqdir.

Və bu, o demək deyilmi ki, kapitan Montesin 14 yaşlı oğlu, Xorxito da bu yolu seçəcək?

***

Onlar evdə ikilikdə qalanda Xorxito atasını sual yağışına tutur.

"Ata, düzünü de, sən insanlara işgəncə verirsən?” 

Montes müdafiə olunur: "Bunu sənə kim deyir?” - "Məktəbdə deyirlər”.

Montes divara sıxıldığını hiss edir: "Sənə yalan deyiblər. Biz çox təhlükəli adamlarla mübarizə aparırıq, onlar sənin atanı da, ananı da, başqalarını da öldürmək istəyirlər.Bəzən onları bir az qorxutmaq lazım gəlir ki, öz vəhşiliklərini boyunlarına alsınlar”.

Xorxito isə inad edir: "Yaxşı, olsun, bəs sən onlara işgəncə verirsən?” Və uşaq ən murdar işgəncə növlərinin jarqon adlarını sadalayır. Hamı hər şeydən xəbərdardır.

Montes əsəbindən qızarır: Bunları sənə hansı dostların danışıb?” Oğlu cavab verir: "İstəyirsən adlarını çəkim, sən də onlara işgəncə verəsən?”

Yəqin, bu dialoq hər cəlladın evində geci-tezi olacaq. Nəsillərin mübarizəsinin bir variantı kimi. Kamyunun "Taun”undakı Tarrunun "Yad”dakı hakimlə, yaxud Xorxe Semprunun "Neçayev qayıtdı” romanındakı Kristinanın kollaborasionist atası ilə söhbəti kimi...

***

Bəs sonluq?  Benedetti qəhrəmanının dilindən bu cümlələrlə hekayənin nöqtəsini (üç nöqtəsini) qoyur:

"Sən isə uşağın ənsəsini sığallayırsan, boynunu astaca sıxırsan, nəhayət Motsartdan birdəfəlik imtina edərək oğlunun boynunu qəddarcasına əzirsən və rahat, boş evdə sənin qətiyyətli səsin eşidilir: "Başa düşdün, ilan balası?”...

Cəllad atanı üstələyir...