İdman 14:40 14.02.2024

"Spartak"ın niderlandlı futbolçusu 6 illik azadlıqdan məhrum edildi

"Spartak"ın futbolçusu və Niderland millisinin sabiq yarımmüdafiəçisi Kuinsi Promes kokain qaçaqmalçılığına görə qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib. 

Qaynarinfo xəbər verir ki, bu qərarı Amsterdam Məhkəməsi verib.

Məhkəmə iclasında Kuinsi özü iştirak etməyib və Niderland prokurorluğu onun Rusiyadan ekstradisiyasına nail ola bilməyib.

Futbolçu 1362 kq kokain qaçaqmalçılığı işində təqsirli bilinib. Ədliyyə Nazirliyinin məlumatına görə, Promes böyük cinayətkarlar şəbəkəsinin üzvü olub və onların bir çoxu hazırda həbs edilib. Məhkəmə orqanlarına görə, Promes hətta liderlik və maliyyəçi rolunda da çalışıb.

Bundan əvvəl Promes qohumuna bıçaqla hücum etdiyinə görə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. "Ayaks"da çıxış edən futbolçu cinayət işi açıldıqdan sonra dərhal Niderlandı tərk edib.

Artıq Promesin Rusiyada oyunu zamanı onun Antverpen limanında həbs edilən kokain yükünün qaçaqmalçılığı ilə məşğul olduğu məlum olub. Bu yaxınlarda futbolçu BƏƏ-də resident statusu alıb və bunun sayəsində "Spartak"la qış təlim-məşq toplanışına yollana bilib. Bundan əvvəl o, həbs və ekstradisiyadan qorxduğu üçün Rusiyanı tərk etməkdən imtina edib.

Nizami Bağırov