Dünya 23:22 19.06.2023

Stoltenberq: "NATO-nun silah-sursat anbarları boşdur və doldurulmalıdır"

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının silah arsenallarının boşaldığını bildirib. 

Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, silah və sursat boşluğu çox yaxın gələcəkdə Alyansa üzv ölkələrin birgə səyləri ilə doldurulmalıdır.

"Bizə daha güclü hərbi sənaye lazımdır, onun nümayəndələri bu gün burada toplaşıblar. Silah və sursat anbarlarımız boşdur və doldurulmalıdır”, detə Stoltenberq Berlində keçirilən "Alman Sənaye Günü” iqtisadi konfransında bildirib. 

O, aydınlaşdırıb ki, NATO arsenallarının tükənməsi problemi Almaniyanı da narahat edir.

Fevral ayında Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı öz ehtiyatları üçün hədəflərini artırmaq niyyətindədir. Onun sözlərinə görə, belə bir qərar NATO rəhbərliyi səviyyəsində Ukraynadakı hərbi münaqişə və Kiyevə yardımın göstərilməsi zərurəti fonunda qəbul edilib. ABŞ dövlət katibi Entoni Blinken Qərb ölkələrinin Ukraynanı təchiz etmək üçün sursat çatışmazlığı ilə üzləşdiyini bildirib.

Aydın