Dünya 18:39 12.06.2023

Stoltenberqin müəmmalı ABŞ səfəri (ŞƏRH)

"Bu səfər NATO-nun Vülnüsdə keçiriləcək zirvə toplantısı ilə bağlıdır. Həmin sammitə hazırlıqla bağlı Vaşinqtonla müəyyən məsələlərin müzakirəsi gedir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli NATO baş katibi Yens Stoltenberqin iyunun 12-13-də ABŞ-a olacaq səfərini şərh edərkən deyib. 

Politoloq qeyd edib ki, adlçəkilən zirvə toplantısında Finlandiya ilə yanaşı, İsveçin də NATO-ya qəbulu məsələsi müzakirə edilməlidir. 

"Bütün üzv ölkələr Finlandiyanın üzvlük məsələsini ratifikasiya edib. Amma İsveçlə bağlı müəyyən problemlər mövcuddur. Bu problemlərin həlli Türkiyə və Macarıstandan asılıdır. İsveçin bəzi məsələlərdə NATO həmrəyliyinə xələl gətirməsi, PKK terrorçularına yardım etməsinə görə, Ankara onunla bağlı məsələyə razılıq vermir. Amma güman edirəm ki, kompromisə gediləcək və İsveç də NATO-ya qəbul olunacaq. Stoltenberq müddəti bitdiyindən istefaya hazırlaşır. Ola bilsin ki, bununla əlaqədar da fikir mübadiləsi aparılacaq. Əsas müzakirələrdən biri sözsüz ki, Ukraynaya hərtərəfli yardım məsələsi olacaq”, deyə ekspert bildirib. 

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq iyunun 12-13-də ABŞ-da səfərdə olacaq. O, ABŞ Prezidenti Co Bayden, Dövlət katibi Antoni Blinken və  ABŞ Senatında NATO-nun fəaliyyətini müşahidə edən qrupun üzvləri ilə görüşəcək. 

Rüfət Sultan