İdman 13:35 30.01.2024

“Sumqayıt” sabahkı kubok oyununa necə hazırlaşır?

Azərbaycan Kubokunun 1/4 final mərhələsinə bu gün start veriləcək. Sözügedən mərhələdə iştirak edən komandalardan biri də "Sumqayıt”dır. Samir Abasovun rəhbərlik etdiyi kollektiv sabah "Kapital Bank Arena”da "Neftçi”ni qəbul edəcək. 

"Gənclik Şəhəri” təmsilçisinin üzvü Rövlan Muradov Qaynarinfo-ya açıqlama verib. O, həm sabah baş tutacaq kubok matçına hazırlıq, həm də komandasının durumu haqqında danışıb:

"Fasilə bizim üçün yaxşı keçdi. Sadəcə, komanda şəklində oyumuzu hələ tam göstərə bilmədiyimizi düşünürəm. Ümid edirəm ki, oyundan-oyuna daha da yaxşılaşacaq və ilk dövrədəkindən də yaxşı "Sumqayıt” görərik”.

Muradov komandasının üçüncü pillədəki mövqeyinə də münasibətini bildirib:

"Hər oyunda maksimum qələbə qazanmaq istəyirik. Meydana xal və xallar üçün çıxırıq. Hansı şəhərin komandasını, klubunu təmsil etdiyimizi bilirik. Ona görə də yuxarı pillələrdə qalmaq üçün sona qədər mübarizə aparmaq istəyirik. Başda baş məşqçimiz olmaqla hamı nə üçün mübarizə apardığımızı dərk edir. Bu, komanda birliyi, ailə olmağımıza səbəb ola bilər”.

O, əcnəbilərin komandaya nə dərəcədə uyğunlaşıb-uyğunlaşmadığı haqda sualı belə cavablandırıb:

"Əcnəbilərin nə dərəcədə uyğunlaşdığını məşqçimiz deyə bilər. Biz əlimizdən gələni etməyə, məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq”.

Rövlan sabahkı kubok oyununa ciddi şəkildə hazırlaşdıqlarını deyib:
 
"Düzdür, vaxt az oldu. Bilirdik ki, "Neftçi” ilə ağır oyuna çıxacağıq. Ümid edirəm ki, ev oyunumuzda nəticə qazana bilərik. Hələ bugünkü məşqimiz başlamayıb. Məşqdən sonra nə var, nə yox, biləcəyik”.

Səbuhi Həsənov