Ölkə 15:42 21.05.2022

Sumqayıtda 17 yaşlı yeniyetmə itkin düşüb

Sumqayıtda 17 yaşlı Əliyev Tural Elçin oğlu itkin düşüb. 

Bu barədə Qaynarinfo-ya Tural Əliyevin atası Elçin Əhədov məlumat verib. Onun sözlərinə görə, övladı mayın 10-da evdən çıxıb:

"Bu günə qədər yoxdur. Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişəm. Bundan sonra məni Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə çağırıblar. İzahatımı alıblar. Bununla da iş bitib. 11 gündür ki, heç bir xəbər yoxdur”.

O əlavə edib ki, oğlunun görtündüyü yerlərdə təhlükəsizlik kameraları var. Lakin kameralara baxan yoxdur:

"Dəfələrlə xahiş etmişəm ki, kameralara baxsınlar. Deyirlər, baxacağıq, amma heç bir hərəkət yoxdur. Mayın 19-da təkrar 102-yə zəng vurmuşam. Dedilər, iş gedir. Sonra da əlavə elədilər ki, cinayət olsaydı, axtarış daha ciddi aparılardı. Amma burda cinayət hadisəsi yoxdur. Belə başa düşdüm ki, cinayət hadisəsi olmadığına görə axtarmırlar, işə laqeyd yanaşırlar”.

Elçin Əhədov Daxili İşlər naziri Vilayət Eyvazovdan məsələni nəzarətinə götürməsini xahiş edir: 

"Cənab nazir, sizdən xahiş edirəm ki, bu məsələni nəzarətə götürəsiniz. Telefonumu, yaxud hansısa qiymətli əşyamı itirsəydim bu qədər üstünə düşməzdim. Amma bu övladdır. Mən də bir ata kimi övladımın taleyindən çox narahatam. İnanıram ki, mənim durumumu anlayışla qarşılayıb, övladımın tapılması üçün əməliyyat-axtarış tədbrilərinin gücləndirilməsi barədə Sumqayıt polisinə göstəriş verəcəksiniz”.

DİN-nin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Qaynarinfo-ya bildirib ki, Tural Əliyevin tapılması ilə bağlı tədbirlər davam etdirilir: 
"Axtarış işi açılıb. Bütün zəruri tədbirlər icra olunmaqla, itkin düşmüş şəxsin tapılması istiqamətində əməliyyat-axtarış işləri davam etdirilir”.

Seyid