Ölkə 17:05 16.01.2023

Sumqayıtda dövlət tədbirinə görə yol bağlandı - Sürücü həbs edildi

Sumqayıtda dövlət əhəmiyyətli tədbirə görə yol bağlanan zaman qaydaları pozan sürücü həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Sumqayıt şəhərinin girişində baş verib. 

Belə ki, Həsən (şərti) Bakıdan sərnişin götürüb Sumqayıta gələn zaman şəhərin girəcəyindəki "Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında bütün avtomobillərin dayandığını görüb. Həmin vaxt yol patrul xidməti əməkdaşı yaxınlaşaraq ona yolun boşaldılmasını və Bakı istiqamətinə sürməsini tələb edib. O da yol bağlı olduğu üçün artıq bir dəfə Bakı istiqamətinə yönəldildiyindən və qarşıdan keçid edərək yenidən qaytdığından, Sumqayıta girməli olduğunu bildirib.

Daha sonra Həsən maşını dayandığı yerdə saxlayıb, ayaq yoluna gedib. Gəldikdə polislər ona avtomobilinin cərimə meydançasına gedəcəyini bildiriblər. Səbəbini soruşduqda dövlət tədbirini pozduğunu bildiriblər. O, etiraz etsə də, sonra heç bir şey demədən maşını sürüb. 

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Həsən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Əhməd