Dünya 14:00 17.04.2023

Süni intellektin hərbi münaqişələrdəki rolu... - Təbii müttəfiq

Rusiya-Ukrayna münaqişəsi arxaik və yenilikçi müharibə üsullarının qəribə qarışığı olaraq qalmaqda davam edir. Pilotsuz uçuş aparatları, OSINT texnologiyaları (Open source intelligence, OSINT - ictimaiyyətə açıq mənbələrdən kəşfiyyat məlumatlarının axtarışı, seçilməsi və toplanması, eləcə də onun təhlilini əhatə edən kəşfiyyat fənni - red.), kiberhücumlar və dəqiq silahlarla yanaşı, süni intellekt (Sİ) Ukrayna müharibəsində istifadə edilən daha bir yenilikçi texnologiyaya çevrilib. Bununla belə, burada söhbət süni intellektlə kompleks mərkəzləşdirilmiş sistemlərin yaradılmasından deyil, onun paylanılmış istifadəsi haqqındadır. 

Sİ texnologiyaları nəhəng açıq və kommersiya məlumat axınını inteqrasiyasına və ordu üçün vacib suallara cavab almağa imkan verir. İlk növbədə, bunlar düşmən qüvvələrinin aktual yeri və hərəkəti, optimal silah növlərinin qiymətləndirilməsi, düşmən rabitəsinin dinlənilməsinin avtomatik təhlili və s. Bu texnologiyalar sizə "müharibə dumanını” dağıtmağa və döyüş meydanında böyük üstünlük əldə etməyə imkan verir. NATO gələcək münaqişələrdə süni intellektin əsas rolunu çoxdan qəbul edib və onu həyata keçirməyə başlayıb. Rusiya ordusu isə bu üstünlüklərdən istifadə etmək imkanında məhduddur, ilk növbədə bunun üçün lazım olan beynəlxalq texnoloji və rəqəmsal infrastruktura çıxışı olmadığı üçün.

Süni intellekt texnologiyaları bazarında liderlərdən biri böyük məlumatların toplanması və təhlili üçün proqram təminatının hazırlanması üzrə ixtisaslaşan ABŞ şirkəti "Palantir”dir. Palantir ABŞ dövlət qurumları və onun investorlarından biri olan Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıq edir. Bir neçə il əvvəl ABŞ Gömrük İdarəsi qeyri-qanuni miqrantların və qaçqınların hərəkətlərini izləmək üçün şirkətin süni intellekt əsasında alqoritmlərindən uğurla istifadə edib (buna görə ciddi tənqid olundu). Keçən ildən bəri "Palantir" döyüş təhlili, qoşunların vaxtında təminatı və hücum planlaması üçün öz süni intellekt inkişaflarını Ukrayna ordusuna təqdim edib. Bu barədə "The Washington Post"da dərc olunan məqalədə deyilir.

Qəzet yazır ki, Ukraynanın Xersonun geri qaytarılmasında uğuru digər məsələlərlə yanaşı, "Palantir”in süni intellekt əsasında texnoloji inkişaflarından istifadə etməklə təmin edilib. Onlar Ukrayna Silahlı qüvvələrini dəqiq və etibarlı kəşfiyyat məlumatları ilə təmin ediblər: Rusiya qoşunlarının hərəkət sxemləri və onların yeri haqqında ətraflı məlumat, müdafiədəki zəif nöqtələrin koordinatları və s. Və bu, ukraynalılara Rusiyanın əks-hücumlarını uğurla dəf etməyə və onların müdafiəsini yarmağa imkan verdi.

Bu sistemi sözün əsl mənasında inqilabi edən odur ki, o, döyüş meydanındakı mövcud vəziyyəti təhlil etmək üçün lazımi məlumatları avtomatik olaraq kommersiya şirkətlərindən axtarır. Bunun üçün "MetaConstellation" adlı süni intellektə əsaslanan alətdən istifadə edilir. Bununla Ukrayna və onun müttəfiqləri seçilmiş döyüş bölgəsində hazırda hansı kommersiya məlumatlarının mövcud olduğunu görə bilərlər. Məlum olub ki, kommersiya şirkətləri təəccüblü dərəcədə geniş və müxtəlif faydalı məlumatlara malikdirlər: ənənəvi optik təsvirlər, sintetik diafraqmalı radarlardan alınan şəkilləri, yəni buludların arasından əldə edilə bilənlər, artilleriya və raket atəşlərini aşkar etmək üçün lazım olan termal görüntülər. "The Washington Post" yazır ki, bu məlumatların əsas təminatçıları "Maxar", "Airbus", ICEYE və "Capella", eləcə də atmosfer tədqiqatları aparan müxtəlif elmi qurumlardır.

Xersonun azad edilməsi zamanı "Palantir" hər gün bu şəhərin üzərindən uçan 40-a yaxın kommersiya peykindən alınan məlumatları qiymətləndirirdi, baxmayaraq ki, prinsipcə, bu texnologiya üçün 10 peyk belə bəsdir. Lakin peyklərin sayının artması ilə 3 m2-ə qədər fokuslu ərazinin təsvirlərini əldə etmək mümkündür. Ukraynalı zabitlər real vaxt rejimində əlavə yüksək keyfiyyətli ərazi və düşmən mövqeyi təfərrüatlarını sorğu etmək üçün əl planşetlərindən istifadə edə bilirlər. Ona görə də bu texnologiyanın uğurlu tətbiqi üçün mühüm şərt yüksək sürətli, yüksək keyfiyyətli internetin olmasıdır. Ukrayna ordusunun Yer kürəsinin aşağı orbitində 2500 peyklə təchiz edilən "Starlink"dən əldə edilən internetdən istifadə etdiyi məlumdur.

Süni intellektdən hərbi məqsədlər üçün istifadənin başqa bir nümunəsi "TechInformed" (TI) informasiya platformasının icmalında təsvir edilən səsli məlumatların avtomatik təhlilidir. Ukraynanın İT şirkəti "Primer" Rusiya ordusundan ələ keçirilən mesajları emal etmək üçün səsdən mətnə çevirən proqram təminatında dəyişiklik edib. Yenilənmiş versiya avtomatik olaraq və bir neçə dəqiqə ərzində hərbi əməliyyatlara aid vacib məlumatları seçir və təqdim edir. Ukrayna hərbçilərinə artıq saatlarla ələ keçirilən danışıqlara qulaq asmağa və təhlil etməyə ehtiyac yoxdur. Başqa bir misal, təsvirlərin işlənməsi - Rusiya hərbçilərinin üzlərindən tanınması və öldürülən düşmən əsgərlərinin identifikasiyası üçün qabaqcıl süni intellekt proqramı "Clearview AI"nin istifadəsidir. Tətbiq sosial şəbəkələrə qoşulur və avtomatik olaraq yalnız bir portret fotosu əsasında profilləri və şəxs haqqında bütün məlumatları tapır.

"The Washington Post” yazır ki, Rusiya ordusu Ukrayna ilə müharibədə də süni intellektdən istifadə etməyə, xüsusən də Çin peyklərinin kommersiya məlumatları əsasında döyüş əməliyyatlarının rəqəmsal xəritələrini hazırlamağa çalışıb. Lakin bu cəhdlər kifayət qədər məlumat və aşağı keyfiyyət, habelə yüksək keyfiyyətli və yüksək sürətli internetə çıxışın olmaması ilə məhdudlaşdı ki, bu da rus qoşunlarını real vaxt rejimində məlumatı yeniləmək imkanından məhrum edir. Nəhayət, süni intellektdən istifadə taktiki qərarlar qəbul etmək üçün səlahiyyətlərin yenidən bölüşdürülməsini tələb edir və bu, Rusiya hərbi komandanlığının administrativ təcrübsəinə uyğun gəlmir.

Hərbi ekspertlər hesab edirlər ki, süni intellektin gələcək münaqişələrdə əsas rol oynayacaq. Bunu, xüsusilə, keçən il Londonda keçirilən süni intellektlə bağlı illik konfransda NATO-nun məlumat və süni intellekt siyasətinin rəhbəri Nikos Lutas iddia edib. Nəticədə, hətta Rusiyanın Ukraynaya təcavüzündən əvvəl, 2021-ci ilin oktyabrında müttəfiq ölkələrin müdafiə nazirləri NATO tarixində ilk süni intellektdən istifadə strategiyası üzrə razılığa gəliblər. Strategiya müdafiə və təhlükəsizlik üçün süni intellektin inkişafının qəbulu və təşviqi üçün əlverişli mühitin yaradılması zərurətini təsdiq edir, süni intellekt və bu sahədə innovasiyaların qəbulunu sürətləndirməyin yollarını müəyyənləşdirir, dövlət və qeyri-dövlət subyektləri tərəfindən süni intellektə əsaslanan texnologiyaların sui-istifadə təhlükələrindən qorunmasını təmin edir.

Nizami Bağırov