Dünya 16:35 03.03.2023

Sünni imamcümədən İran hakimiyyətinə xəbərdarlıq

İranda sünnilərin qiyamı baş verə bilər. 

Qaynarinfo xəbər verir ki, Sistan və Bəlucistan vilayətinin inzibati mərkəzi olan Zahedan şəhərinin sünni imamcüməsi Mövləvi Əbdül Həmid İslam rejimini bu barədə xəbərdar edib. 

Mövləvi Əbdülhəmid qızların oxuduğu məktəblərə "qaz hücumları”nı kəskin şəkildə pisləyib. O, eyni zamanda teokratik rejim rəsmilərinin zorakılığı, repressiyanı və qətlləri danmasını pisləyib.
 
İmamcümə bəyan edib ki, islam sistemi yalan danışmağa imkan vermir. 

İranda 22 yaşlı kürd əsilli Məhsa Əminin polis bölməsində ölümündən sonra gərginlik aradan qalxmayıb. Aksiyalar ilk günlərdəki kimi kütləvi xarakter daşımasa da, lokal səviyyədə davam etdirilir. Əsasən təhsil ocaqlarında krativ aksiylar keçirilir ki, bu da İslam rejimini narahat edir. 

Mövləvi Əbdül Həmid İranın xarici işlər naziri Hüseyn Əmirabdullahyan Cenevrəyə səfərini xatırladaraq onun beynəlxalq görüşlərdə İranda baş verən hadisələr barədə yalan danışdığını iddia edib.

Nazir İranda heç kim həbs edilmədəyini və öldürülmədiyini bildirib. Halbuki aksiyalar başlayandan 500-dən artıq etirazçının öldürüldüyünü bildirilir. Bununla bağlı sosial şəbəkələrdə videofaktlar yayılıb.

Həbs edilənlərin sayı isə minlərlədir. Sünni imamcümə deyib ki, heç İslam sistemi əbədi xarakter daşımır və "qiyamət günü”nə qədər heç bir dini sistem qalmayacaq. 

Mövləvi Əbdülhəmid qeyd edib ki, yalanlar və zorakılıqlar davam etsə, ölkə boyu geniş narazılıq dalğası baş qaldıracaq.
 
Seyid