Məmməd SÜLEYMANOV
Dünya 10:47 24.04.2020

“Üsyanlar öləndə”: Aprel ayının kapitanları

Məmməd Süleymanov

"Biganə qalmayan bir ovuc adamın dünyanı dəyişə bilmədiyini söyləsələr, inanmayın. İndiyə qədər məhz onlar dünyanı dəyişiblər” ("Aprel kapitanları” filmindən)

Nə vaxt baş verdiyindən asılı olmayaraq, inqilablar həmişə aktualdır. Fərq etməz, söhbət 1789-un Fransa inqilabından gedir, yoxsa 1917-nin Oktyabr inqilabından. Odur ki, kinonun bu mövzuya diqqəti də azalmayacaq.

Daha yaxşısı inqilabi filmi elə inqilab dövründə çəkməkdir. Ya da heç olmasa, çəkilişin özünü inqilaba çevirmək. Ötən əsrin əvvəllərində Meksikada Panço Vilya və Emiliano Sapatanın başçılığı ilə xalq üsyanı başlayanda ABŞ-da o hadisələri sənədli filmə çevirmək qərarına gəlirlər. 1914-cü ilin 3 yanvarında Mutual kinokompaniyası general Vilya ilə gizli saziş imzalayır. Bu sənəd operator Raul Uolşa Meksika üsyançılarını çəkməyə eksklüziv hüquq verirdi. Panço Vilya da prosesdə maraqlı idi - necə də olmasa, kinematoqraf güclü təbliğat vasitəsidir. Üstəlik, filmdən qazanılan ümumi məbləğin 20 faizi generala veriləcəkdi.

Cəmisi 2 həftə sonra yankilər sənədli film layihəsindən imtina etməli olurlar: müharibə qətiyyən kinogenik (baxımlı) deyil. Əksinə, darıxdırıcı idi. Əvəzində onlar oynaq film - melodram çəkirlər. "General Vilyanın həyatı” adlanan bu filmdə baş rolu (özünü) Panço Vilya oynayırdı. Onun gənclik illərinin ifaçısı isə operator Raul Uolş idi.

Həmin dövrdə ABŞ-ın simpatiyası inqilabçıların tərəfindəydi və onlar Panço Vilyaya Vətəndaş müharibəsində stabilləşdirici faktor kimi baxırdılar. Bu, 2 il davam etdi - 1916-cı ildə Panço Vilyanın ABŞ-ın sərhəd şəhərlərinə hücumu ilə həmin vaxtadək "qəhrəman” və "böyük inqilabçı” adlandırılan general çevrilib "sadist” və "cəllad” adlandırılmağa başladı.

"General Vilyanın həyatı” filmi İnqilabı təsvir edən ilk film adlana bilər. Onun janrı isə yarısənədli-yarıbədii idi. Digər unikallıq filmin hadisələrin gedişi fonunda çəkilməsiydi. Yəni, proses hələ bitməyib, ancaq artıq kino lentinə köçürülüb.

İnqilablar əsri olan 20-ci əsr sonralar bu mövzuda bir çox mükəmməl film ərsəyə gətirdi. Buraya istər sənədli (məsələn, Sovet rejissoru Esfir Şubun "İspaniya inqilabı” filmi), istərsə də bədii filmlər daxildir. Sergey Eyzenşteynin "Oktyabr” filmi (1927) dünya kinosunun incilərindəndir. Yaxud, İnqilab mövzusunu əks etdirən şedevrlərə Jan Renuarın "Marselyeza”sını (1938), Andre Malronun "Ümid”ini (1939), Cillo Pontekorvonun "Əlcəzair uğrunda döyüş”ünü (1966) misal çəkmək olar.

Siyahını bir qədər də genişləndirək: Nanni Loyun "Neapolun dörd günü” (1962) - İnqilab prosesi burada ümumxalq bayramıdır, az qala əyləncəli bir işdir. Qodarın "Uik-end”i (1967). Kodzi Vakamatsunun "Mələklərin ekstazı” filmi (1972). Taviani qardaşlarının 1975-ci ildə çəkdiyi "Allonzanfan”. Və bu cərgəyə aktrisa kimi tanınan Mariya de Medeyruşun çəkdiyi "Aprel kapitanları”nı da əlavə edərdim. 2000-ci ildə 35 yaşlı aktrisa tərəfindən çəkilmiş bu film Portuqaliyada faşist diktaturasına son qoymuş "Qərənfil inqilabı”ndan bəhs edir.


***   

25 aprel 1974-cü ildə baş vermiş həmin hadisələr qoca Avropanın ən yaşlı faşist diktaturasına son qoydu. Halbuki, ölkədəki zahiri sakitlik heç bir inqilaba ümid yeri qoymurdu.

Faşist diktaturasına qarşı onillərdir yalnız bir qüvvə mübarizə aparırdı - Portuqaliya kommunistləri. Diktator Salazarın gizli polisi PİDE bütün partiya liderlərini məhv etmiş, məhbəsə salmış, baş kommunist doktor Alvaru Kunyal isə 8 illik həbs həyatından sonra qorxulu "Penişe” türməsindən qaçmağı bacararaq mühacirət etmişdi.

Həmin vaxtın Portuqaliyası Avrpanın ən kasıb, həm də ən sakit ölkəsi idi. 1932-ci ildən baş nazir olan keçmiş Kembric professoru Salazarın karyerası 36 il sonra qırıldı. 1968-ci ildə stuldan yıxılıb komaya düşdü. O vaxt artıq 80 yaşı olan Salazarı prezident Tomaş vəzifəsindən azad etdi, ancaq bunu xəstəxanada özünə gələn diktatora bildirmədilər. Daha 1 ildən çox vaxtda hər səhər nazirlər palataya gəlib xəstə qocaya məruzələr edirdi. Diktator bilmirdi ki, daha baş nazir deyil. Və özünü hələ də baş nazir fərz edərək 1970-ci ildə sonsuzluğa yollandı.

1974-cü ilin "qərənfil inqilabı” da 1917-ci ilin Fevral İnqilabı kimi qəfil baş verdi. Onu başda mayor di Karvalyu olmaqla 300 Solçu zabit həyata keçirdi. Fəaliyyətə başlamaq üçün siqnal bir katolik radiostansiyasında aprelin 24-dən 25-nə keçən gecə səslənən inqilabi fadu - Joze Alfonsunun populyar "Qrandula” mahnısı oldu. Artıq gecə saat 3-də qarnizon qərargahı, radiostansiya, televiziya, aeroport vətənpərvər hərbçilərin nəzarətində idi, nazirliklərin yerləşdiyi rayona qoşunlar yeridilmişdi. Bütün inqilab cəmisi 10 saat çəkdi və səhər saat 11-də inqilabçılar ölkə ərazisinin hamısına nəzarət etdiklərini açıqladılar. Həmin günün axşamı baş nazir Marselu Kaetanu istefaya getdi.

Hərbçilərin əhaliyə evlərini tərk etməmək çağırışına baxmayaraq xalq küçələri doldurdu. İnqilab isə öz adını Lissabon univermaqlarından birinin satıcısı Selesta Seyruşun sayəsində  aldı - bu qadın qarşısına çıxan əsgərin avtomatına qırmızı qərənfil taxdı. İnsan kütləsinin qışqırdığı "Birləşmiş xalq məğlubedilməzdir!” şüarı isə faşist diktaturasının sonunun işarəsi oldu.

İlyarım keçdi, hərbçilər seçkilər keçirib hakimiyyəti mülki şəxslərə verdi - qələbəni Qərbin maliyyələşdirdiyi sosial-demokratlar qazandı. Həmin vaxt qələbəyə ən şanslı qüvvə kommunistlər idi. Qərbin sosialist Soareşi müdafiə etməsi, SSRİ-nin isə hadisələrə biganə yanaşması Portuqaliyanın kommunist respublikasına çevrilməsinə əngəl oldu. Halbuki ilk illərin bütün islahatları - iri müəəssisələrin, bankların milliləşdirilməsi, aqrar islahat - məhz Lenin proqramı ruhundaydı.

Portuqaliya inqilabının ən mühüm dərsi inqilabların öz daxili məntiqi ilə baş verməsini göstərməsidir. Qəddar faşist rejimi və siyasi həyatın iflicliyi fonunda bu ölkədə heç bir inqilab gözlənmirdi. İnqilabı tanınmış siyasi xadimlər yox, geniş kütlələrə məlum olmayan hərbçilər - kapitanlar etdi. Onillərin diktaturası 10 saatın ərzində çökdü. Və bütün bunlar tamamilə qansız ötüşdü.

Siyasi sistemin çürüklüyü heç də vəziyyətin zahiri qeyri-stabilliyi və aktiv müxalifətin bolluğu ilə ölçülmürmüş. Bütün stabillik əlamətlərinə, yalançı iqtisadi göstəricilərə, diktatorun şəninə oxunan çoxmilyonlu difiramblara baxmayaraq, çürük rejim mütləq dağılmalıdır. Özü də gözlənilmədən, səssiz-səmirsiz və bir an içində. Bu, Portuqaliya inqilabının ən böyük dərsidir.

***

Rejissor de Medeyruş öz filmi barədə deyir: "Portuqaliya inqilabını həmişə macəra filmi kimi təsəvvür etmişəm. Uzun müddət onun təşkilatçıları ilə ünsiyyətdə olduğumdan bilirəm ki, onlar da özlərinə həmin gün Hollivud qəhrəmanları kimi baxıblar”.

Yoxsul Portuqaliya eyni vaxtda Anqola, Mozambik və Qvineya-Bisauda müstəmləkəçi müharibələr aparırdı. Bu savaşlardan qəzəblənmiş, itkilərdən bezmiş, üstəlik öz Vətənlərində işğalçı kimi qəbul edilən hərbçilər sanki durma-tutma, rəhbərsiz, plansız şəkildə diktaturaya qarşı çıxır və qalib gəlirlər. Onların arasında general və polkovniklər yoxdur, ən yüksək rütbə daşıyanlar kapitanlardır.  Ancaq qələbənin dadını generallar çıxaracaqdı. General Spinola təşəbbüsü ələ alacaq, kapitanlar Portuqaliyada arzuladıqları quruluşu - sosializmi qura bilməyəcəkdi.

Ancaq həmin qələbə günündə bu gələcək məğlubiyyət elə xırda, boş nüans kimi görünür ki. Onlar öz ölkələrinə möhtəşəm Azadlıq karnavalı bəxş ediblər.

İlk dəfə "qərənfil inqilabı”nın 27-ci ildönümündə - 2001-ci ilin 21 aprelində nümayiş edilən "Aprel kapitanları” mövcud konyunkturda heç də tanınmış, TV-də təkrar-təkrar göstərilən, reklam olunan filmlərdən deyil. Onu "Potyomkin” zirehli gəmisi”, yaxud "Santyaqoda yağış yağır”la müqayisə etmək olmaz. 

Film sənədli kadrlarla başlayır - Portuqaliyanın Afrikada apardığı mənasız və qanlı müharibələrin görüntüləri filmin qəhrəmanlarının diktaturaya qarşı çıxmaq qərarı verənə qədər nələri yaşadığını göstərmək niyyəti güdür.

Zamanın ruhu mükəmməl verilib. Əvvəlcə Somosa və Batista tipli diktatura, sonda isə ümumxalq sevinci və azadlığın eyforiyası. Siyasi məhbusların işgəncəli istintaqı, diktatura əleyhdarlarının təqibi. Üsyançıların tərəfinə keçib-keçməmək dilemması qarşısında qalan hərbçilərin daxili tərəddüdləri. Təsvirlər müfəssəl və realistikdir.

İnqilabın zəruriliyinə dair ritorik mühakimələr.  Sanki gənc Çe Gevaranın yetişməsi prosesini izləyirik. Filmdəki bu cümlə də təsadüfi deyil: "Əgər mən bir neçə ağıllı kitab oxusaydım, Avropanın Çe Gevarası olardım”. Eyham şəffafdır - İnqilabı (əgər o, doğrudan da İnqilabdırsa, yəni, Sistemi saxlayıb personajları dəyişmək üçün icra edilən psevdo-inqilab deyilsə) təhsilli, ideologiya ilə silahlanmış, nə istədiyini bilən, strategiyası olan kəsim hazırlamalı və başlamalıdır. Əks halda, qələbəni oğurlayacaqlar. Elə "Qərənfil inqilabı”nın finalı kimi. Nahaq yerə məşhur yazıçı və kommunist Joze Saramaqo Portuqaliya inqilabını "uduzmuş inqilab” adlandırmayıb...

Film cavablar vermir və suallar qoymur. Sadəcə xronikanı əks etdirir və prosesin təsviri ilə kifayətlənir. Nəticələri çıxarmaq tamaşaçının vəzifəsidir. Film isə vur-tut tarixi ekskurs, inqilabın referatı xarakteri daşıyır. Heç bir ehkamı sırımır, "Qalib gələn xalq illər sonra niyə uduzdu” sualına birmənalı cavab təklif etmir. Və bu, onun üstünlüyüdür. 

Rejissorun məqsədi hadisələrin 2 əsas və real iştirakçısının - 2 kapitanın misalında proseslərin necə baş verdiyini kənardan göstərməkdir. Onlar qan tökməməyə and içiblər və sözlərini tuturlar. Onlar diktaturadan ölkələrini qansız qurtartmağı arzulayırlar və buna nail olurlar (Portuqaliya inqilabında cəmi 4 nəfər həlak olub və onlar da dövlət polisi PİDE tərəfindən güllələnib).

Dostlardan biri - kapitan Salqeyru Mayya öz hərbçiləri ilə birlikdə inqilaba Lissabon küçələrində rəhbərlik etməli, digəri - kapitan Manuel isə radiostansiyanı ələ keçirərək yayım aparmalıdır. 

İnqilab qalib gələndə Salqeyru Mayya baş nazir Kaetanunun təslim olma aktını qəbul edir, Afrika müharibələrində əsəb sakitliyini itirmiş Manuel isə məhbəsdən azad olunan rejim əleyhdarlarından birinin onun həyat yoldaşının yeni sevgilisi olduğunu anlayıb bu zərbə ilə barışmalı olur.

Xalqa azadlıq verən iki dost küçələrə axışan insanların doldurduğu küçə ilə evlərinə dönərkən az qala bu kütlə tərəfindən linç ediləcək - küçədəkilər onları diktatura tərəfdarları ilə səhv salır. Budurmu inqilabların simvolik finalı? - cəmisi 10 saat əvvəl evində mürgüləyən obıvatel onu vətəndaşa çevirən inqilabçıları əzib keçmək qədər özündə "mərdlik” və "cəsarət” tapır. Qəhrəman olur hamı - qəhrəman olmağa icazə verilirsə. Kədərlidir...

Və əslində də bu cür olub. Kapitan Salqeyru Mayya (1944-1992) "qərənfil inqilabı”nın real rəhbəridir. Müsahibələrindən birində ona sual verirlər: "Milli qurtuluş şurası (generalların təşkilatı - Red.) hakimiyyəti ələ keçirdi və İnqilabın başına keçdi. Həmin anda siz nə hiss etdiz?”
Kapitan cavab verir: "Hiss etdim ki, məni və həmkarlarımı arxa plana keçirdilər: biz həyatımızla risq etdik, ancaq sonra kölgədə qaldıq”.

1988-ci ildə Salqeyru Mayyada xərçəng xəstəliyi aşkarlanır. Əmək qabiliyyətini itirən inqilab lideri həmin vaxtın baş naziri Kavaku Silvaya (2006-2016-cı illərdə Portuqaliyanın prezidenti olur) müraciət edərək həm hərbi xidmətlərini, həm də "qərənfil inqilabı”ndakı əlahiddə rolunu nəzərə alaraq ona təqaüd kəsilməsini xahiş edir. Kavaku Silva  rədd cavabı verir və kapitan bu insidenti ictimailəşdirmir. Bu barədə ictimaiyyət yalnız 1991-ci ildə xəbər tutur - o vaxt ki, Kavaku Silva diktaturaya xidmət etmiş 2 yüksək rütbəli polisi təqaüdlə təmin edir. Absurd. Ancaq fakt.

Fernandu Salqeyru Mayya 1992-ci ildə 48 yaşında xərçəngdən vəfat edir. Onun yoldaşlarından kimisi içkiyə qurşanır, kimisi qırmızı bayraqlar altında bank yarmağa başlayır, onların arzuladığı sosializm isə qurulmur. 

Sonadək getməyən inqilabçıların məntiqi qisməti...