Ölkə 14:00 07.03.2023

Taksi şoferini bər-bər edən, şagirdlərə 121 min manatlıq “su içizdirən” direktor azadlığa buraxıldı

Külli miqdarda mənimsəmədə ittiham olunan 11 saylı internat məktəbinin direktoru Gülnarə Abdullayeva və digər şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Təhsil Nazirliyinə (indiki Elm və Təhsil Nazirliyi) ümumilikdə 315 min manatdan çox maddi ziyan vurmaqda təqsirləndirilən paytaxtın Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbinin direktoru Gülnarə Abdullayeva, onun tədris işləri üzrə müavini Fəranə Əliyeva, müavin Namiq Kərimov, xidməti işçi Əliyev Əlipolad, katibə Fatimə Rzayeva və "Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyevlə bağlı qərar verilib. 

Məhkəmə zamanı məlum olub ki, direktor sözügedən vəzifəli şəxslərlə əlbir olaraq, taksi şoferini bər-bər kimi rəsmiləşdirib. Bundan 5.731,94 manat məbləğində "gəlir” əldə edib. 

Onlar məktəbdə təmir-abadlıq adı ilə müəllimlərdən 65.670 manat, başqa-başqa adamların adına əmək haqqı qismində köçmüş 25.778,36 manat, məktəbə gəlməyən müəllimlərin dərsdə "iştirakına” görə 27.138,43 manat, dərs saatlarına görə əlavə aylıq əmək haqqlarına və digər əlavə "ştatlara” görə 89.080,81 manat və digər vasitələrlə müxtəlif məbləğlərdə "qazanc” əldə ediblər. 

Aparılan istintaq zamanı daha maraqlı fakt kimi Gülnarə Abdullayevanın məktəbə içməli su alınması zamanı da gəlir əldə etməsi müəyyən edilib. Belə ki, o "Dostluq Servis” MMC-nin baş direktoru Famil Miriyevlə "Kamaz" markalı yük maşını vasitəsi ilə hər dəfə 10 m3 həcmində gündəlik 5 reys olmaqla, 2019-cu ilin yanvar ayından 2021-ci ilin iyul ayınadək olan müddətdə ümumilikdə 46500 m3 həcmində içməli su daşınması üçün müqavilə bağlayıb. Bu müqavilənin dəyəri 121.500 manat məbləğ olub. Həmin pulun 84.917,50 manatını müxtəlif ünvanlarda görüşüb aralarında bölüblər. 

Vəzifəli şəxslər 2019-cu ilin sentyabr ayından 2020-ci ilin mart ayınadək olan müddətdə, habelə 2021-ci ilin fevral və mart aylarında ümumilikdə 134.497 şagirdin nahar etməsinə baxmayaraq, 146.988 şagirdin nahar etdiyini rəsmiləşdiriblər. Nəticədə müvafiq nazirlik tərəfindən məktəbin hesabına 560.962,33 manat pul vəsaiti köçürülüb. Bu vəsaitdən 39.307,83 manatı öz aralarında bölübüblər. 

Məhkəmənin qərarı ilə Cinayət Məcəlləsinin 179.2.1, 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirləndirilən Gülnarə Abdullayeva cinayət məsuliyyətindən azad edilib. Onun barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri və "vəzifədən kənarlaşdırma” əlavə qətimkan tədbiri də ləğv olunub. Məhkəmə təqsirləndirilən digər şəxslərə də bəraət verib. Bəzilərinin müsadirə olunan mülkləri özlərinə qaytarılıb.

Qeyd edək ki, Gülnarə Abdullayev 2021-ci ilin avqust ayında saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata əsasən, aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Gülnarə Abdullayeva 2020-ci ilin yanvar ayından 2021-ci ilin avqust ayınadək olan müddətdə şəxsən və həmin məktəbin əməkdaşları vasitəsilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə faktiki olaraq işə gəlməyən müəllimlərin guya işə gəlməklə tədris həyata keçirməsi, müəllim və tərbiyəçilərin dərs saatlarının artıq göstərilməsi, gündəlik məktəbə gələn uşaqların sayının artıq göstərilməsi ilə onların qidalanması üçün tələb olunan qida məhsulları və içməli suyun artıq rəsmiləşdirilməsinə nail olmaqla 88 min 622 manat pul vəsaitini nağdılaşdıraraq mənimsəməsinə, vəzifə saxtakarlığına yol verərək səlahiyyətlərindən sui-istifadə edib.

Əhməd