Siyasət 19:37 29.11.2022

Tatarıstan prezidenti Bakıya niyə gəlib?

Tatarıstan Prezidenti Rüstəm Minnixanov Bakıya gəlib. O, Azərbaycanın paytaxtında Tatarıstan-Azərbaycan biznes forumunda iştirak edəcək. Minnixanovun sənaye müəssisələrinin rəhbərlərindən, kiçik və orta sahibkarlıq subyektlərinin nümayəndələrindən ibarət böyük nümayəndə heyəti ilə ölkəmizə təşrif buyurduğu bildirilir.

Tatarıstan Prezidenti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunub.
 
Politoloq Tofiq Abbasov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanla Rusiya arasında münasibətlər çoxşaxəlidir: "Bu münasibətlərdə regionlararası münasibətlər də mühüm yer tutur. Çünki dövlət rəhbərləri bu istiqamətdə əməkdaşlığa razılıq veriblər. Həmçinin, bu sayaq əlaqələr hökumətlərarası səviyyədə də özünü doğruldur. 

Son illər ərzində Rusiyanın 40-dan çox regionu Azərbaycanla birbaşa əlaqələr qurub. Tatarıstan da bu sahədə mühüm yer tutur. Regionlararası əlaqələr fonunda əldə edilən mənfəət bilavasitə Bakı ilə Moskva arasındakı münasibətlərə böyük stimul verir. Regionlarası münasibətlər iki ölkə arasında tək siyasi deyil, həm də mədəni, humanitar sahədəki əlaqələrinin inkişafına da təkan verir. Tatarıstandan ölkəmizə turistlər çox gəlir. Bu səfər həmin istiqamətdə əlaqələrin daha da genişlənməsinə təkan verə bilər”.

Rüfət Sultan