Dünya 21:25 01.11.2022

“Taxıl müharibəsi” Ərdoğan və Putin münasibətlərinə təsir göstərəcəkmi? - Politoloq

Rusiya "taxıl müqaviləsi”ndən imtina edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Sevastopolda "taxıl dəhlizi”nin təhlükəsizliyini təmin edən Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə hücumlardan sonra Moskva taxıl müqaviləsində iştirakını dayandırır. Kreml iddia edir ki, Ukraynanın Sevastopolda "hərbi gəmilərə və mülki gəmilərə qarşı törətdiyi terror aksiyası" ilə bağlı vəziyyət aydınlaşana qədər hərəkət dayandırılacaq. Nazirlik bununla belə Rusiyanın Qara Dəniz Təşəbbüsündən çıxmadığını, razılaşmaları dayandırdığını vurğulayıb. 

Sözügedən dəhlizin işıq üzü görməsində misilsiz xidmətlər göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Tibb Dünyası Konqresində çıxışı zamanı Rusiyanın taxıl sazişində iştirakını müvəqqəti dayandırmasına münasibət bildirərkən deyib ki, ölkəsi bu istiqamətdə səylərini davam etdirəcək: "Biz əldə etdiyimiz razılıqla Ukraynadan 9,3 milyon ton buğdanın dünya ölkələrinə göndərilməsini təşkil etmişik. Bununla da qida böhranının qarşısını nisbətən almışıq. Rusiya Ukrayna buğdasının ixracı üzrə göstərilən səylərlə bağlı tərəddüdlü davransa da, biz bəşəriyyət üçün cəhdlərimizi qətiyyətlə davam etdirəcəyik”. 

Qeyd edək ki, bu ilin iyulun 22-də İstanbulda Türkiyə, BMT, Ukrayna və Rusiya arasında imzalanan "taxıl sazişi” çərçivəsində oktyabrın sonunadək 9,3 milyon ton kənd təsərrüfatı məhsulu daşıyan 363 yük gəmisi Ukrayna limanlarını tərk edib. Bu məhsulların, 62 %-i Avropa, 19,5 %-i Asiya, 13 %-i Afrika ölkələri, 5,3 %-i Yaxın Şərq  bazarlarına çatdırılıb. Dəhlizlə əsasən qarğıdalı, buğda, günəbaxan yağı, raps və günəbaxan sortu ixrac edilib. Göründüyü kimi, Türkiyə Prezidenti də Rusiyanın sözügedən hərəkətindən narahatdır. 

Türkiyə ilə Rusiya arasında münasibətlər olduqca istidir. Rusiyanın Ukrayna müharibəsi fonunda Qərb və NATO-nun Moskvaya sanksiyalar tətbiq etməsinə baxmayaraq, Ankara ilə şimal ölkəsi arasında əlaqələr daha sürətlə inkişaf edir. Lakin indi Ərdoğanın əsas vasitəçi olduğu "taxıl dəhlizi” sazişi Rusiyanın cığallığı üzündən pozulmaq təhlükəsilə üz-üzədir. Ərdoğan isə bəyan edir ki, Moskvanı mövqeyindən döndərmək üçün qətiyyətlə cəhdlərini davam etdirəcək. 

Ərdoğanın həmin istiqamətdə səyləri onunla Putin arasında olan isti münasibətlərin soyumasına gətirib çıxara bilərmi? Bu baş verərsə, Azərbaycana nə kimi təsirləri ola bilər? 

Politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Moskvanın sazişdən çıxması heç də "taxıl dəhlizi”nin fəaliyyətinin dayandırılması demək deyil:



"Moskva bəhanə edir ki, Ukrayna taxıl razılaşmasından sui-istifadə edərək həmin dəhlizdən Rusiyanın Qara dənizdəki hərbi gəmilərinə atəş açır. Ona görə də prosesi özü tərəfindən dayandırıb. Amma bu heç bir halda "taxıl dəhlizi”nin öz fəaliyyətini dondurması anlamına gəlməməlidir. Müqavilədə göstərilirdi ki, Ukrayna taxılının çıxarılması müqabilində Rusiya da öz aqrar sahə məhsullarını dünya bazarına çıxarmalıdır. Amma dünya artıq Rusiyadan gələn kənd təsərrüfatı məhsullarını almaq istəmir. Rusiyaya aid olan şərt yerinə yetirilmir. Ümumiyyətlə danışıqlar yolu ilə, ya da təsir etmək vasitəsilə Rusiyaya "taxıl dəhlizi”nin fəaliyyətini dayandırmağa imkan verməyəcəklər”. 

Ərdoğanın səylərinin onunla Putin arasında münasibətlərə xələl gətirə biləcəyinə gəlincə, ekspert bunun mümkün olmadığı qənaətindədir. Əksinə, ekspertin fikrincə, sözügedən məsələ Ərdoğanla Putini bir-birinə daha da yaxınlaşdıracaq:

"Moskva sadəcə proses ətrafında öz marağına cavab verən yeni danışıqların olmasını istəyir. Ərdoğan proseslə bağlı danışıqların davam edəcəyini deməklə sona qədər gedəcəyini bəyan edib. Bu fonda o, Rusiyanın nə istədiyini öyrənib, həmin şərtlərin həyata keçirilib-keçirilməyəcəyini öyrənəndən sonra fəaliyyətlərini davam etdirəcəklərini deyib. Ərdoğanla Putin arasında müəyyən ziddiyyətlərin yarana biləcəyi barədə səslənən fikirlər də reallığı əks etdirmir. Ərdoğan birbaşa olaraq Putinin ziddinə getmir. Sadəcə, səyləri davam etdirəcəyini deyərkən, prosesin danışıqlar masası arxasından keçəndən sonra davam etdirilməsini nəzərdə tutub. Əksinə düşünürəm ki, bu məsələ Ərdoğanla Putini bir-birinə bir qədər də yaxınlaşdıracaq”. 

Rüfət Sultan