Çin Xalq Azadlıq Ordusunun (PLA) təyyarələri və gəmiləri xəbərdarlıq etmədən adanın yaxınlığındakı 12 millik (təxminən 22,2 km) zonaya daxil olarsa, Tayvan silahlı qüvvələri onları məhv etməyə məcbur olacaq.
Qayanrinfo xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi ölkənin Müdafiə Nazirliyinin sözçüsü general-mayor Lin Venhuanqa istinadən məlumat yayıb.
Onun sözlərinə görə, tədbir Tayvan boğazının təhlükəsizliyini qorumaq üçün həyata keçiriləcək. Rəsmi Taypey bu boğazı özünün ərazi suları və hava məkanı hesab edir.
Tayvan Müdafiə Nazirliyinin nümayəndəsinin bildirib ki, PLA təyyarələri və ya gəmiləri Tayvan boğazının orta xəttini keçdikdən sonra adanın silahlı qüvvələri onların sonrakı hərəkətlərini diqqətlə izləyir. "Əgər PLA qüvvələri xəbərdarlıqlarımızı qulaqardına vurmağa və ərazi hava məkanımıza və su ərazimizə soxulmağa davam edərsə, milli təhlükəsizliyi qorumaq üçün tez bir zamanda cavab zərbələri endirəcəyik", deyə Lin Venhuanq bildirib.
İyunun 24-də Tayvan Müdafiə Nazirliyi adaya yaxınlaşan beş gəmi və 19 PLA təyyarəsini qeydə alıb. Ən azı 8 təyyarə Tayvan boğazının orta xəttini keçə bilib. Onlar adanın sahilindən 24 mil (təxminən 44,5 km) uzaqlıqdakı dəniz ərazilərinə yaxınlaşıblar.
İyunun əvvəlində Çinin müdafiə naziri Li Şanqfu bildirib ki, Çin hakimiyyəti Tayvanla sülh yolu ilə birləşməyə çalışır. Eyni zamanda, o, əgər kimsə Tayvanı ölkədən ayırmağa qərar verərsə, güc tətbiqini istisna etməyib.
Aydın
Şərhlər